Tramp Ərdoğanı ABŞ-dan əliboş yola saldı - ŞƏRH

Tramp Ərdoğanı ABŞ-dan əliboş yola saldı - ŞƏRH
  17 May 2017    Oxunub:12511
ABŞ-ın Suriyada kürdlərə silah verməsi və FETÖ lideri Fətullah Gülənin ekstradisiya edilməməsi Türkiyə-ABŞ münasibətlərinin korlanmasına səbəb olmuşdu. Donald Trampın prezident seçilməsindən sonra əlaqələrin normallaşacağı gözlənilirdi. Ehtimal edilirdi ki, Tramp Obamanın xarici siyasətdə buraxdığı səhvləri təkrar etməyəcək. Bu ümidlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edərək ötən gün Ağ evdə amerikalı həmkarı Donald Trampla görüşüb.
İki liderin təkbətək görüşü təxminən 20 dəqiqə davam edib. Daha sonra onlar jurnalistlərin qarşısına çıxıblar.

Görüşöncəsi vəziyyət

Türkiyə prezidentinin ABŞ-a səfərindən öncə iki ölkə arasında münasibətlər soyuq və gərgin idi. FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisya edilməməsi ilə başlayan gərginlik ABŞ-ın Süriyada döyüşən kürdlərə silah verməsi ilə pik həddə çatmışdı. Belə bir halın mövcudiyyəti hər iki ölkənin maraqlarına xidmət etmədiyi kimi, müttəfiqlik münasibətlərinə də kölgə salırdı.

Tramp Ərdoğanı necə qarşıladı?

Səfər öncəsi iki ölkə arasında münasibətlər soyuq olsa da, prezidentlərin ilk görüşü isti münasibətilə diqqət çəkdi. ABŞ prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğanı qapıda qarşıladı. Trampın Ərdoğana xoş münasibəti görüş öncəsi jurnalistlərə açıqlamasından da hiss olunurdu:

“Önəmli məsələlər barədə danışacağıq. Ardından nahar edəcəyik. Prezident Ərdoğanı qəbul etmək böyük bir şərəfdir. Uzun və çətin görüş olacaq. Amma, uğurlu olacağını bilirəm. Çünki, əla münasibətlərimiz və daha da yaxşılaşdıracağıq”.

Tramp-Ərdoğan münasibətlərinin xoş görüntüsü təkbətək görüşün ardından baş tutan mətbuat konfransında və işçi naharda da hiss olunurdu. Hətta Tramp Ərdoğana jest edərək onu avtomobilinə qədər yola salıb...

Tramp-Ərdoğan görüşü

22 dəqiqə davam edən görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti bəyan edib ki, Türkiyə və ABŞ on illərdir müttəfiqdir.

Türk xalqının dəhşətli terror hücumlarına məruz qaldığını xatırladan Tramp bildirib ki, ABŞ İŞİD və PKK terror təşkilatlarına qarşı Türkiyənin apardığı mübarizəyə dəstək verir:
“Prezident Ərdoğanla Yaxın Şərqdə sülh və təhlükəsizliyi təmin etmək, ortaq təhlükələrimizlə mübarizə aparmaq və bütün insanlarımız üçün şərəfli bir gələcək qurmaq üçün səbrsizlənirəm. Türkiyənin Suriyada dəhşətli qətlimaların dayandırılması üçün etdiyi mübarizəni təqdir edirik. Suriyada şiddəti azaldacaq hər bir addımı dəstəkləyirik. Türkiyənin istədiyi silah sifarişi üçün lazım olan hər şeyi edəcəyik”.

Ərdoğan isə “Cənab prezident, dəyərli dostum” deyərək başladığı nitqində PYD/YPG terror təşkilatına verilən dəstək və FETÖ ilə bağlı ciddi mesajlar verib:

“Ortaq gələcəyimizi təhdid edən terror təşkilatlarına qarşı fərq qoymadan mübarizə aparmaqda qərarlıyıq. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur. Xüsusilə YPG/PYD terror təşkilatlarının hansı ölkə tərəfindən olursa-olsun həmsöhbətə çevrilməsi bu mövzuda qlobal səviyyədə qəbul olunan razılaşmalara qətiyyən uyğun deyil. Suriyadakı, İraqdakı, Yəməndəki və Liviyadakı xaosu fürsətə çevirmək istəyənlər gec-tez məğlub olacaqlar. İki müttəfiqin işbirliyi içərisində olması əli qanlı şəbəkələrin yox edilməsi üçün kafidir”.

FETÖ ilə bağlı Tramp administrasiyasından gözləntilərini açıq şəkildə ifadə edən Ərdoğan bildirib ki, bu məsələdə ondan böyük gözləntiləri var: “Bu gözləntilərin boşa çıxmayacağına inanıram. Regional təhlükəsizlik üçün Türkiyə-ABŞ işbirliyi çox önəmlidir. Bu gün təməlləri qoyulan yeni dönəmin ölkələrimiz üçün xeyirli olacağını arzu edirəm”.

Səfərsonrası Türkiyə-ABŞ münasibətləri necə olacaq?

Qeyd olunduğu kimi prezidnetlərin görüşü nikbin əhval-ruhiyyədə baş tutub. Bunu Trampın “twitter” hesabından “Ərdoğanı qəbul etmək şərəfi” paylaşımı və Ərdoğanın “Qonaqpərvərlik üçün təşəkkürlər, cənab prezident. Bu günkü görüşümüz uzunmüddətli ittifaqımız və strateji ortaqlığımızı gücləndirəcəyinə inanıram” cavabı da sübut edir.

Bundan başqa görüşün nəticəsi kimi bir sıra məqamları qeyd edə bilərik. Görüşün vizual görüntüsü onu deməyə əsas verir ki, istər Tramp, istərsə də Ərdoğan iki ölkə arasında dostluğun tərəfdarıdır. Liderlər başa düşürlər ki, düşmənçilik hər iki dövlətə ancaq ziyan vura bilər. Bu kontestdə Trampın terrorla mübarizədə Ərdoğanı müttəfiq kimi “göylərə qaldırmasını” qeyd edə bilərik. ABŞ-ın YPG-yə silah verməsinə baxmayaraq Trampın “Türkiyə ilə münasibətlərimiz pozulmaz” bəyanatı da diqqət çəkir və bu mesaj çox şeydən xəbər verir.

Nəticə etibarı ilə Ağ evdə baş tutan görüş Türkiyə-ABŞ münasibətlərində yeni bir mərhələdir. İki ölkə liderinin müttəfiqlik münasibətlərini davam etdirmək barədə razılığa gəlməsi də önəmli məqamdır. Bütün bunlara baxmayaraq, ABŞ-ın Fətullah Güləni Ərdoğana verəcəyi inandırıcı görünmür. Halbuki, səfərdən öncə Ərdoğanın müzakirə edəcəyi əsas məsələlərdən birinin FETÖ ilə bağlı olacağı gözlənilsə də, Türkiyə prezidenti nədənsə Trampla görüşdə bu məsələyə toxunmayıb.

Lakin bir məsələni də unutmaq lazım deyil ki, xoş qarşılanma, heç də o demək deyil ki, hər şey qaydasındadır. Əslində real mənzərə budur ki, Ərdoğan ABŞ səfəri zamanı qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirə bilmədi. ABŞ-ın PYD/YPG terror təşkilatlarına verdiyi silahlarla bağlı məsələdə irəliləyiş qeydə alınmadı.

Ərdoğanın sözçüsü İbrahim Qalın görüşdə “bütün terror təşkilatları ilə bağlı məsələ müzakirə olundu” desə də, ABŞ-ın məsələyə rəsmi Ankara ilə prizmadan baxmadığı verilən açıqlamadan da bəlli olur. Hətta Tramp terrorizmdən bəhs edərkən İŞİD və PKK-nın adını çəkdi. FETÖ və PYD/YPG haqqında isə bir fikir bildirmədi. Bu isə Ərdoğanın ABŞ səfəri zamanı qarşıya qoyduğu əsas məqsədlərə çatmadığının bariz göstəricisidir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Tramp   Ərdoğan   Türkiyə  





Xəbər lenti