Taxta üzərində xariqələr yaradan sənətkar - Video

Taxta üzərində xariqələr yaradan sənətkar - Video
  22 May 2017    Oxunub:3147
“ABAD” tərəfindən dəstəklənən sənətkarlarımızdan biri də Bakı şəhər sakini Asif Qasımovdur. O, nə qədər incə bir sənətlə məşğuldursa, bu sənətə gəlişi də bir o qədər çətin və məşəqqətli olub.
Uşaq vaxtlarından incəsənətlə məşğul olmasa da, atası bir rəssam kimi fəaliyyət göstərib və bəlkə də, Asif onun yanında, özü də bilmədən, bir rəssam şagirdi kimi yetişib. İllər keçdikcə içində bir sənətkarın formalaşdığının fərqində olmayan Asif, gənc yaşlarından idmanla məşğul olub.

Lakin həyat onun istədiyi kimi davam etməyib. 2011-ci ildə üzləşdiyi bədbəxt bir hadisə nəticəsində Asif yerimə qabiliyyətini itirib. Qarşılaşdığı çətin sınaqdan sonra həyata daha sıx bağlanan Asif, sevimli idman növü olan avarçəkməyə davam etməklə yanaşı, özündə yeni bir bacarığın – sənətkarlığın formalaşdığına şahid olur.

2014-cü ildən peşəkar qaydada oymaçılıq ilə məşğul olan sənətkarımız bu gün Azərbaycan mədəniyyətinin təbliğində mühüm işlər görür. Onun yüksək keyfiyyətlə hazırlanmış zərif əl işləri, milli musiqi alətlərimizi əks etdirən suvenirlər turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Sənətkarın xüsusi əhəmiyyət verdiyi sahə isə Azərbaycan memarlıq abidələrinin taxta suvenirlərini hazırlamaq, həmin işlərdə abidələrimizin təhrif olunmuş bütün elementlərini ilkin variantda canlandırmaqdır. Asif Qasımov hazırladığı suvenirlərdə Bakı şəhərinin mənzərələrinin yaradılmasına da üstünlük verir.

O, Bakının qədim fotolardan götürülmüş mənzərələri ilə müasir fotoşəkillərinin vəhdətini taxta üzərində əks etdirir.

Bu gün Asif Qasımov “ABAD” ailəsinin bir üzvüdür. Aldığı dəstəklə, o, öz işini daha böyüdüb, inkişaf etdirməyi düşünür.

Hazırda onun əsrarəngiz əl işləri “ABAD” sənətkarlıq mərkəzinə sərgi-satışa çıxarılıb.



AzVision.az



Teqlər: ASAN-Abad  





Xəbər lenti