Sammitdə Azərbaycanın bayrağı olmayıb?! – FOTOFAKT

  23 May 2017    Oxunub : 30108
Sammitdə Azərbaycanın bayrağı olmayıb?! – FOTOFAKT

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Həmin tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması ölkəmizin İslam dünyasındakı nüfuzundan xəbər verirdi.

Trampın ilk xarici səfərinin məhz bu sammitlə bağlı olması tədbirin əhəmiyyətini açıq şəkildə ortaya qoyurdu. Sammitdə prezident İlham Əliyevin iştirakı isə o demək idi ki, İslam dünyası ilə ABŞ-ın münasibətlərində Azərbaycan önəmli bir rol oynayacaq.

Amma təəssüf, bir qrup şəxs var ki, məqsədləri nəyin hesabına olursa-olsun, Azərbaycanın və onun rəhbərliyinin gördüyü işləri aşağılamaq, nüfuzuna kölgə salmaqdır. Onların yaydılğı dezinformasiyaya görə, guya Ərəb-İslam-Amerika Sammitində iştirak edən dövlətlərin bayraqları arasında Azərbaycanın bayrağı olmayıb.



Məsələn, “ReAl” hərəkatının rəhbərlərindən biri Altay Göyüşov sammitdən şəkil paylaşıb və yazıb ki, “İlham Əliyev sammitdədir, amma Azərbaycanın bayrağı yox”. Və doğrudan da, onun paylaşdığı şəkildə Azərbaycanın bayrağı görünmür.

Amma görünməmək olmamaq demək deyil axı! Nəzərə alaq ki, sammitə 55 ölkə qatılıb. Paylaşılan şəkildə isə onlardan ancaq 30-a yaxınının bayrağı var... Ooops! Bəs qalanları hanı? Xüsusilə də Sammitin keçirildiyi Səudiyyə Ərəbistanın özünün bayrağı? Şəkildə heç o da görünmür axı...



Fokusun sirri çox asandır: Bayraqlar uzun bir sıra ilə düzülüblər. Ortada üzərində “S” hərfi olan stend qoyulub və bayraqların sırasını iki yerə bölür. Azərbaycanın bayrağı sağ tərəfdən üçüncüdür. Ümumi planda çəkilmiş fotoda bunu aşkar görmək olur.



Göründüyü kimi, Azərbaycanın bayrağının guya sammitdə olmadığı haqda xəbərlər yaymaq sadəcə olaraq, mənasız bir informasiya oyunudur. Sosial şəbəkədə insanları aldatmaq asandır, onlar az-çox maraqlı saydıqları hər şeyə reaksiya verirlər. Amma özünü guya ciddi siyasətçi kimi təqdim edən şəxslərə bu, yaraşmır axı...

AzVision.az

Teqlər: #Sammit   #Bayraq   #İlham-Əliyev   #Dezinformasiya