İslamiada Azərbaycana nə qazandırdı? - SİYASİ ŞƏRH

İslamiada Azərbaycana nə qazandırdı? - SİYASİ ŞƏRH
  24 May 2017    Oxunub:4245
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, müsəlman ölkələrində hələ də bu oyunlardan danışılır. Azərbaycanın ev sahibliyi etdiyi İslamiada dünyanın inkişaf etmiş ölkələrində keçirilən Yay Olimpiya oyunları ilə müqayisə olunur. Gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, IV İslam Oyunları Rio Olimpiadasından yüksək səviyyədə keçirilib.
Görünən odur ki, "Bakı-2017" uğurla həyata keçirilib və Azərbaycan bununla dünyaya öz qüvrətini, gücünü göstərmiş oldu.

Azərbaycan bu oyunlardan nə qazandı və islam həmrəyliyinə hansı töhfələri verdi?

Millət vəkili Elman Nəsirov AzVision.az-a bildirib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməklə islam dünyasında həmrəyliyə böyük töhfəsini verib.

“Bu gün islam dünyasında bu sahədə çox böyük boşluqlar var. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi, eyni zamanda ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı atdığı addımlar nəticə etibarı ilə müsəlman ölkəsi olaraq Azərbaycanın təkcə islam dünyasında deyil, bütövlükdə dünya miqyasında nüfuzunu xeyli gücləndirdi. Bu hadisəyə təkcə idman oyunu kimi qiymət vermək qətiyyən düzgün deyil. Çünki, bu böyük bir siyasi, iqtisadi hadisə olmaqla yanaşı, həm də humanitar məna daşıyan hadisədir. Azərbaycan bu oyunları keçirməklə 54 ölkənin idmançılarının bir-birinin əlini sıxmasına şərait yaratdı. Bu isə müsəlman dünyası ölkələrinin liderlərinə bir mesaj idi ki, onlar da idmançılarına bənzəsinlər, bir-birinin əlini sıxsınlar, bir-birinin yanında olsunlar, bir-birinə dəstək olsunlar. Bu baxımdan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası və əhəmiyyəti var”.

E.Nəsirov qeyd edib ki, bu oyunlar Azərbaycanı ictimai-siyasi sabitliyin olduğu məkan kimi islam dünyasına tanıda bildi: “Azərbaycanda təhlükəsizlik mühiti var və bu sürətlə inkişaf edir. Azərbaycan regional inkişaf səviyyəsini çoxdan aşmış bir dövlətdir. Bütün bunlar Azərbaycanı həm də çox güclü turizm imkanları, infrastrukturu olan dövlət kimi dünyaya göstərdi. Əslində ilin “İslam həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman aləmində Azərbaycanın mövqelərini on dəfə gücləndirmiş oldu. Say baxımından 1.5 milyardı aşıb keçən müsəlman dünyası artıq Azərbaycanı yenidən kəşf etdi. Onlar kəşf etdilər ki, müsəlman aləmində çox güclü, dinamik inkişaf edən, müasir bir ölkə var və onun adı Azərbaycandır və bu ölkənin hədəfləri var. Bu hədəflər inkişaf, islam həmrəyliyinə töhfələr verməklə bağlıdır”.

Siyasi ekspert Arzu Nağıyev vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından Azərbaycanın belə böyük miqyaslı tədbirlərə ev sahibliyi etmək iqtidarında olduğunu sübut etdi: “Eyni zamanda Azərbaycanın sülhsevər bir islam, inanclı dövlət olduğunu əyani şəkildə dünyaya göstərdi. Yəni, islamı daima terrorla eyni sıraya qoymağa çalışan islamofob, ksenofob qurumlar bir daha gördülər ki, hətta inanc və məzhəbə görə narazı olan dövlətlər də Azərbaycanın sülhsevər siyasəti nəticəsində bir müstəvidə ola bilərlər”.

A.Nağıyev hesab edir ki, bu oyunlardan sonra islam həmrəyliyi daha güclənəcək: “Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet istiqamət olaraq qalır. Məhz Azərbaycanın haqq işini, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizə açıqlığı ilə bu oyunlarda da təbliğ olundu. Yəni, 54 dövləti təmsil edən hər bir iştirakçı, idmançı və digər heyət Azərbaycan həqiqətlərini öz gözləri ilə gördü və hiss etdi. Bu çox mühüm və təqdirəlayiq bir məsələdir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ən çox dəstəkləyən də məhz islam dövlətləridir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi dövlətlər hətta Ermənistanla diplomatik əlaqlərə malik deyillər. Düşünürəm ki, bu oyunlardan sonra islam həmrəyliyi daha da irəliləyəcək, daha da sıx birləşəcək və Ermənistana qarşı vahid mövqedən çıxış edəcəklər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İslamiada   Bakı-2017  





Xəbər lenti