“Zob xəstələrinin sayı statistikadan qat-qat artıqdır” - Babək Salek

“Zob xəstələrinin sayı statistikadan qat-qat artıqdır” - Babək Salek
  25 May 2017    Oxunub:4187
“Bu il yanvarın 1-nə ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb”.
AzVision.az xəbər verir ki, bunu Səhiyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 3 251 nəfəri diffuz ur, 2 730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz (zobun funksiyasının hissəvi və ya daimi çatışmazlığı), 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir.

“Hər il qalxanabənzər vəzi xəstəliklərinin sayı 5% artır. Bəzən xəstələr qeydiyyata düşməmək üçün həkimə müraciət etmirlər. Çox zaman qonşular, tanış həkimlər və ya kiminsə tanışlığı ilə şəxsi klinikalar və ya şəxsi tanışların yanına gedirlər. Ölkədə zob xəstələrinin sayı statistik rəqəmlərdən qat-qat artıqdır. Bunlardan rayondan gələn və şəhər qeydiyyatı olmayanlardır”.

Mərkəz rəsmisi xatırladıb ki, hipoterioz 99 % hallarda ömürlük xəstəlikdir: “Bu xəstəliyi müalicə etmək üçün yazılan dərman ömürlük qəbul edilməlidir. Belə xəstələr 3-6 aydan bir, ya da ən azı ildə 1 dəfə endokrinoloq müayinəsindən keçməli və hormonlar yoxlanılmalıdır. Bu xəstəlik adətən qadınlarda müşahidə olunur. Onlar da hamilə olduğu zaman bəzi həkimlər səhv edərək bildirir ki, hamiləlik vaxtı dərman qəbul edilməməlidir. Ancaq bu düzgün deyil. Çünki hamilə qadınlar hipoterioz olduqda qalxanabənzər vəzin hormonlarını mütəmadi olaraq qəbul edilməlidir. Bunu qəbul etməyəndə dölyanı sular bulanır, döl özü şişkin olur və belə döl anadan olduqda çox şişkin və zehni cəhətdən geri qalmış olur.

Azərbaycana gələn xarici mütəxəssislər müalicəsi olan nadir xəstəliklərin skrininq edilməsini təklif ediblər. Uşaqlarda müşahidə olunan anadangəlmə hipoterioz nadir xəstəliklər sırasındadır. Bu xəstəlik vaxtında müalicə və müayinə olunarsa, uşaq normal böyüyür, əks halda 10 yaşlı uşağın zehni 4 yaşlı uşağın zehni kimi çalışır”-deyə direktor müavini əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Zob-xəstəliyi  





Xəbər lenti