Dilqəm Əsgərovun günahı nədir? - Doroxinə sual

Dilqəm Əsgərovun günahı nədir? - Doroxinə sual
  31 May 2017    Oxunub:3466
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin müsahibəsində bildirib ki, ölkəsi Qarabağda erməni girovluğunda olan azərbaycanlı Dilqəm Əsgərovun məsələsinin həll yolunu tapmaq üçün imkanlar axtarır.
- Rusiya öz vətəndaşı Dilqəm Əsgərovun məsələsinə görə niyə narahat deyil? Öz vətəndaşlarına münasibətdə niyə ayrı-seçkiliyə yol verir?

Doroxin bu sualları cavablandırarkən deyib ki, qaydalara görə, əgər xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə, o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır. Bundan sonra sonrakı addımlar barədə qərar verilir.

“Başa düşürsünüz ki, biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxalq hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda XİN-in nümayəndəsi Artyom Kojin artıq bildirib. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Baxın, Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir.

Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Mən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə təmasda bu barədə danışmışam. Situasiya qeyri-standart və qeyri-ordinardır. Və təkrar edirəm ki, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq” - Doroxin deyib.

Səfirin bu açıqlamasına münasibət bildirən azərbaycanlı siyasətçilər hesab edirlər ki, bu məsələdə Rusiyanın mövqeyi ziddiyətlidir.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov AzVision.az-a bildirib ki, istər Rusiyanın Xarici İşlər Nazirliyinin, istərsə də səfir Vladimir Doroxinin Aleksandr Lapşin və Dilqəm Əsgərov arasında paralel aparması çox uğursuz yanaşmadır:

“Rusiya vətəndaşı Dilqəm Əsgərov başqa ölkənin sərhəddini pozmayıb, doğma torpağına gedib. Yəni, öz ata-baba yurdunu ziyarət edib, heç bir dövlətin sərhəddini pozmayıb, cinayət törətməyib. Əgər Dilqəm Əsgərov Rusiyanın xristian vətəndaşı olsaydı və Ermənistanda yaxud başqa bir ölkədə günahısz yerə həbs olunsaydı, Rusiya mütləq onun hüquqlarını müdafiə edərdi. Necə ki, Lapşin məsələsində bunu edir. Axı Aleksandr Lapşin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Sərhədlərimizi pozub. Həmçinin erməni separatizminə, terrorizminə dəstək verməklə yanaşı, Azərbaycanın əleyhinə hədyanlar deyib. Dilqəm Əsgərov nə edib? Onun günahı nədir? Günahkar Dilqəm Əsgərovun yurd-yuvasını işğal edən Ermənistandır”.

Millət vəkili qeyd edib ki, Rusiya Dağlıq Qarabağ problemini Azərbaycan üçün 1923-cü ildə yaradıb:

“Bu tarixdən Rusiya bombanı qoymuşdu ki, nə vaxtsa partlatsın. Artıq partlayıb. Nəticəsi də bəllidir. Rusiya necə ki, ermənilərin torpaqlarımızı işğal etməsinə laqeyd münasibət bəsləyir, Dilqəm Əsgərov məsələsinə də bu cür yanaşır. Rusiya tərəfindən vətəndaşı Dilqəm Əsgərovun qayğısına qalacağını və onun azad edilməsi üçün nəsə edəcəyini gözləmək sadəlövhlükdür. Çünki, Rusiya bunu etməyəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Aleksandr Lapşinlə Dilqəm Əsgərov arasında fərq qoyması qəbuledilməzdir.

“Səfir müsahibəsində ona işarə edir ki, səsləndirdiyi suallar mövcud olduğuna görə Dilqəm Əsgərovu müdafiə edə bilmirlər. Bu, nağıldır. Tutaq ki, Dilqəm Əsgərov silahla Dağlıq Qarabağa keçib. Birincisi, Rusiyanın özü Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və bu əraziyə daxil olan vətəndaşımız niyə səfirdə sual doğrumalıdır? İkincisi, separatçıların zindana atdığı Rusiya vətəndaşının yanına hansısa rusiyalı diplomatı göndərmək mümkün deyildimi? Axı Lapşin Dilqəm Əsgərovdan daha az müddətdə həbsdədir, az qala hər ay rusiyalı diplomat ona baş çəkir, əhvalı ilə maraqlanır. Niyə bircə dəfə Dilqəm Əsgərovun yanında rusiyalı diplomat getməyib?

Məsələ məlumdur. İkili standartlar. Əslində Lapşin qanunları kobud şəkildə pozub, Dilqəm Əsgərov isə öz ərazisində hərəkət edərkən işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq həbs edilib. Buna baxmayaraq, Moskva Lapşinin azad olunmasına çalışarkən, Dilqəm Əsgərovun adını belə çəkmir. Məsələ bu qədər sadədir”- deyə politoloq vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Doroxin   Rusiya  





Xəbər lenti