Ermənilərin “Köçəri” iddiasını ifşa edən faktlar açıqlandı

Ermənilərin “Köçəri” iddiasını ifşa edən faktlar açıqlandı
  02 İyun 2017    Oxunub:2676
İşğalçı Ermənistan Azərbaycana məxsus “Köçəri” rəqsini özününkiləşdirərək qeyri-maddi mədəni irs kimi YUNESKO-nun siyahısına salmağa iddialıdır. Ermənistanın mədəniyyət nazirinin müavini Arev Samuelyan YUNESKO-a təqdim edəcəkləri qeyri-mədəni irs siyahısında “köçəri” rəqsini də gündəliyə salmaq istədiklərini bildirib.
Qeyd edək ki, bu, düşmən ölkənin Azərbaycana qarşı etdiyi ilk oğurluq faktı deyil. 2015-ci ildə Ermənistanın YUNESKO-ya təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy almışdı.

Müəllif Hüquqları Agentliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur.

“Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlayıb, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib”.

Agentlikdən verilən məlumatda qeyd olunub ki, əslində Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsidir və bunu ermənilərin tanınmış nümayəndələri açıqca etiraf edirlər:

““Köçəri” sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilib: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək. Azərbaycan ərazisində islamdan öncəki vaxtlarda qəbirstanlıqlarda başdaşı üzərində “Daş qoç” və “Daş at” heykəlləri qoyulub. “Daş qoç”lu qəbirləri oğuz qəbirləri adlandırırlar. Sözün “koç-qoç” mənasında kəlməsi isə onun türk mənşəli olmasına heç bir şübhə yaratmır. Bununla belə “Köçəri” rəqsinin adı türk mənşəli “köç” sözündən götürülüb. “Köç” sözünün bütün formaları Azərbaycan türkcəsi, türk, türkmən və digər türk dillərində eyni mənanı daşıyır: bir yerdən başqa yerə köçmək; köçəri ailə, tayfa və ya qəbilə; sürgün, sürülmə, köçürülmə; həyatdan köçmə, yəni vəfat etmək; ər evinə gəlin köçmək və s”. Məlumatda qeyd eidlib ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib. ““Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb. Azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməmişdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olub. Türkiyədə də bu rəqs populyardır. Beləliklə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycan musiqisindən həmişə bəhrələniblər və indi də belədir. Ermənilərin tanınmış nümayəndələrindən və rus müəlliflərindən çoxlu sayda bu cür etiraflar, sitatlar və erməni plagiatçılığına dair yüzlərcə belə fakt misal gətirmək olar. Bütün bunlar barədə Kamran İmanovun ingilis, fransız, rus və rumın dillərində çap edilmiş “Erməni yadelli nağılları” kitabında ətraflı yazılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllif-Agentliyi   Köçəri  





Xəbər lenti