"Bütün sahələrdə ciddi islahatlara ehtiyac var" - YAP rəsmisi
Millət vəkili bildirib ki, Prezident Administrasiyasında aparılan struktur dəyişiklikləri ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər və əlavələrdən irəli gələn məsələlərdir:
“Bu gün cəmiyyətin bütün sahələrində olduğu kimi dövlət idarəetmə orqanlarında da islahatlara, yeniliklərə, idarəetmə orqanlarında optimallaşdırmalara çox böyük ehtiyac var. Təyin edilən şəxslər öz sahələrində nüfuzlu və təcrübəli şəxslərdir. Hesab edirəm ki, onlar üzərlərinə qoyulan vəzifələrə çox böyük məsuliyyətlə yanaşacaqlar”.
YAP funksioneri vurğulayıb ki, Azərbaycanda islahatçılıq cəmiyyətdə gedən proseslərin tərkib hissəsidir: “Həyat dəyişir və yeni məsələlər ortaya çıxır. Bu isə bir sıra məsələlərə yeni baxışlar tələb edir. Şübhəsiz ki, dəyişikliklər də olmalıdır. Nəzərə alaq ki, Azərbaycanda 9.8 milyon əhali yaşayır. Təxminən bir il yarımdan sonra 10 milyonluq cəmiyyətə malik olacağıq. Bu baxımdan da yeniliklərə və islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda islahatlar heç vaxt dayanmayacaq. Bu islahatlar yeni-yeni sahələri əhatə edəcək, yeni idarəetmə mexanizminin akrobasiyasını özündə ehtiva edir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: YAP Aydın-Mirzəzadə