Sərnişin daşıyan beş şirkət birləşdi

Sərnişin daşıyan beş şirkət birləşdi
  05 İyun 2017    Oxunub:1367
Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, təşəbbüsü ilə başladılan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.

Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr. - Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. - Şüvəlan qəs.), 204 (“Koroğlu” metro stansiyası - Yeni Suraxanı qəs.), 213 (“Qara Qarayev” metro stansiyası - Suraxanı qəs.), 216 (“Koroğlu” metro stansiyası - Yeni Suraxanı qəs.) nömrəli marşrut xətinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı "6 Dost" MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC - müvafiq maddi-texniki baza ilə, avtonəqliyyat vasitələri ilə, “D” kateqoriyalı sürücü heyəti ilə təmin edilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırkı vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək.

Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istismarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standartlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti