“Korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir” - Kamran Əliyev

“Korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir” - Kamran Əliyev
  06 İyun 2017    Oxunub:3811
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir”.
AzVision.az-ın məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, bu siyasət 6 əsas prinsip üzərində qurulub: “Birinci, Azərbaycanda antikorrupsiya qanunvericiliyi: Azərbaycan 2004-cü ildən başlayaraq, bu sahədə dünyada mövcud olan bütün konvensiyalara qoşulmuş və hətta konvensiyaların bütün müddəalarını qanunvericilikdə implementasiya edib. Bu gün Azərbaycanda müasir standartlara cavab verən səmərəli antikorrupsiya qanunvericiliyi mövcuddur. Lakin biz bununla kifayətlənmirik. Çalışırıq ki, qanunvericiliyimizi daim zamanın tələblərinə uyğun inkişaf etdirək.

İkinci, ədalətli məhkəmə sistemi: Azərbaycanda üç pilləli məhkəmə sistemi mövcuddur. Azərbaycanda Məhkəmə Hüquq Şurası fəaliyyət göstərir və hakimlərin seçilməsi şəffaf əsaslarla həyata keçirilir. Hakimlərin etik davranış kodeksləri mövcuddur.

Üçüncü, idarəçilikdə şəffaflıq: Burada bir sıra prinsiplərə əməl edilir. Bura dövlət qulluqçularının şəffaf prinsiplərlə işə qəbulu, vəzifədə irəli çəkilməsi, hüquq-mühafizə orqanlarına əməkdaşların test vasitəsilə qəbul edilməsi, daxili nəzarət qurumların mövcudluğu, etik davranış kodekslərinin, elektron hökumətin mövcudluğu və daim vətəndaşların korrupsiyaya qarşı mübarizə sahəsində biliklərinin artırılması, maarifləndirilməsi və Azərbaycan brendi olan, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN Xidmət"in uğurlu fəaliyyəti də aiddir.

Dördüncü, səmərəli antikorrupsiya qurumları: Azərbaycanda iki antikorrupsiya qurumu mövcuddur. Birinci, antikorrupsiya səyasətinin, antikorrupsiya qanunvericiliyinə məsul olan komissiyya. İkinci, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsidir. Bu qurum korrupsiyaya qarşı mübarizə sahəsində yeganə və məsul olan cinayət təqibi orqanıdır. İdarə 2004-cü ildə yaradılıb.

Beşinci, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq: Biz Azərbaycanda mövcud olan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edirik.

Altıncı, beynəlxalq sahədə əməkdaşlıq: Biz bu sahədə fəaliyyət göstərən bütün beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Hesab edirəm ki, bu tədbir bizim gələcək əməkdaşlığımıza təkan verəcək”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Kamran-Əliyev   Baş-Prokurorluq   korrupsiya  





Xəbər lenti