Bakıda korrupsiyaya qarşı mübarizə müzakirə olundu

Bakıda korrupsiyaya qarşı mübarizə müzakirə olundu
  06 İyun 2017    Oxunub:1975
Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə I plenar iclas başa çatıb.
AzVision.az-ın məlumatına görə, iclasın moderatoru Türkiyə Respublikası baş prokurorunun müavini Halil Adıgözəl tədbirin yüksək səvviyyədə təşkilinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, baş prokuror Zakir Qaralova təşəkkür edib.

Daha sonra H.Adıgözəl ölkəsinin korrupsiyaya qarşı mübarizə metodlarından danışıb. Bildirib ki, korrupsiyanın yaranma səbəblərindən biri də cəmiyyətdə gəlirlərin qeyri-bərabər paylanmasıdır.

İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraci bildirib ki, korrupsiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığa ehtiyac var:

“Bu baxımdan dövlətlərin korrupsiyaya qarşı mübarizə təcrübəsini öyrənmək lazımdır. Korrupsiyaya qarşı mübarizə çərçivəsində təlimlərin keçirilməsinə, digər dövlətlərin bu sahədə təcrübəsini öyrənməyə ehtiyac var. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə profilaktika önəmlidir. Bütün imkanlarımızdan istifadə edərək bu bəlanın qarşısını almalıyıq”.

N.Seraci vurğulayıb ki, korrupsiyaya bulaşmış şəxslərin başqa ölkələrdə sığınacaq almasının qarşısı alınmalıdır:

“Hesab edirəm ki, bizim birlikdə hərəkət etməyimiz bu
bəlanın qarşısını almağa kömək edə bilər. Bəzi ölkələr "çirkli pul"ların yuyulması ilə bağlı bəyanatlar verirlər. Ancaq, İƏT ölkələrindən ora axan pulların miqdarını bizə bildirmirlər. Biz bunun üçün korrupsiyaya qarşı birlikdə mübarizə aparmalıyıq”.

Pakistan Respublikasının Milli Hesabatlılıq Bürosunun direktoru Zakir Şah korrupsiyaya, "çirkli pul"ların yuyulmasına qarşı mübarizədə ölkələrin təcrübələrinin öyrənilməsi olduqca vacibdir. Daha sonra o, ölkəsinin korrupsiyaya qarşı mübarizə üsulları ilə bağlı təqdimatını edib.

Tacikistan Respublikasının Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı mübarizə üzrə Agentliyinin rəisi Soloyman Soltanzodə deyib ki, korrupsiya qlobal problemdir və biz beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində bu bəlaya qarşı mübarizə aparmağa hazırıq:

“Tacikistan daim korrupsiyaya qarşı mübarizə aparmağa səy göstərib. Bizim daxili siyasətimizdə korrupsiyaya qarşı mübarizə əsas rol oynayır. Bu barədə ölkə başçımız xüsusi siyasət yürüdür. Ölkədə hüquqi aktlar qəbul edilib. Etiraf edək ki, korrupsiyanın qarşısı bir yox, bütün ölkələrin birgə mübarizəsi nəticəsində alına bilər”.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. O, qeyd edib ki, bu siyasət 6 əsas prinsip üzərində qurulub.

Qazaxıstan Dövlət Qulluğu və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəis müavini Dulat Azbergenov bildirib ki, ölkəsi korrupsiyanın aradan qaldırılması üzrə böyük işlər görüb. O, korrupsiyanın iqtisadiyyatın inkişafını ləngitdiyini vurğulayıb: "Qazaxıstanda yarım milyon müəssisə fəaliyyət göstərir. Biz 2500 növ məhsul ixrac edirik. Qazaxıstan xarici investisiyanın cəlb olunması istiqamətində tədbirlər görür. Ölkəmiz biznes asanlığına görə 35-ci, qlobal rəqabətlilik indeksində isə 18-ci yeri tutur".

Daha sonra digər məruzəçilər öz ölkələrində görülən antikorrupsiya tədbirləri, bu sahədə beynəlxalq əməkdaşlıq və digər məsələlələr barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, iclasın ilk gününün sonunda tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tanışlıq səfəri ediblər. Baş İdarənin milli memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqla təchiz edilmiş inzibati binasında yaradılmış yüksək şəraitlə tanışlıqdan sonra qonaqlara qurumun fəaliyyət potensialı barədə məlumat verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Korrupsiya   İclas  





Xəbər lenti