Ədliyyə naziri bir sıra görüşlər keçirib

Ədliyyə naziri bir sıra görüşlər keçirib
  07 İyun 2017    Oxunub:1567
İyunun 6-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasında iştirak edən ədliyyə naziri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədov tədbir çərçivəsində bir sıra görüşlər keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac ilə keçirilən görüşdə xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Nazir Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması çərçivəsində İslam dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini, bunun təzahürü olaraq cari ilin fevralında İranın ədliyyə nazirinin ölkəmizə məhsuldar səfərini qeyd edib, N.Seracla bir sıra qlobal antikorrupsiya tədbirlərində faydalı görüşlərini xatırladıb.

Səfər zamanı Azərbaycanın hərtərəfli inkişafının şahidi olduğunu söyləyən qonaq 400 milyon əhalini birləşdirən ECO təşkilatının əhəmiyyəti və fəaliyyəti barədə məlumat verib, ölkəsində həyata keçirilən antikorrupsiya tədbirlərindən, habelə İranda yaradılmış Beynəlxalq Ombudsman Akademiyasının fəaliyyətindən bəhs edib. O, həmçinin hüquqi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib, İranın ədliyyə nazirinin salamlarını çatdırıb.

Tədbir çərçivəsində ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb.

Görüşdə M.Kreutner Azərbaycanın və Beynəlxalq Antikorrupsiya Akademiyasının uğurlu əməkdaşlığını qeyd edib, ölkəmizin qurumun işinə dəstəyini təqdir edərək onun davam etdirilməsinin əhəmiyyətini, habelə azərbaycanlı məzunların Akademiyada yüksək nəticələr əldə etməsini vurğulayıb. Həmçinin F.Məmmədovun və M.Kreutnerin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının korrupsiyaya qarşı aparılan qlobal mübarizədə rolu qeyd olunub, qurumun inkişaf perspektivləri, növbəti konfransın keçirilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Türkiyənin baş prokurorunun müavini Xəlil Adıgözəl ilə görüş keçirilərək, dost və qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə əməkdaşlığa dair danışıqlar aparılıb. Söhbət zamanı Türkiyədə bu sahədə islahatların həyata keçirildiyi nəzərə alınaraq Azərbaycanın nailiyyətlərinə maraq göstərilib, təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

AzVision.az


Teqlər: Ədliyyə-Naziri   Fikrət-Məmmədov  





Xəbər lenti