İranda terroru kimlər törədib, məqsəd nədir? - MÜSAHİBƏ

İranda terroru kimlər törədib, məqsəd nədir? -
 MÜSAHİBƏ
  08 İyun 2017    Oxunub:17372
"Azərbaycanda irimiqyaslı terror aktının törədilməsi mümkünsüzdür"

Xəbər verdiyimiz kimi, bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Hazırda dünyanın ən aktual mövzusuna çevrilən bu terror olayının əslində kimlər tərəfindən və hansı məqsədlə törədilməsi ortaya ciddi suallar çıxarır.

Tanınmış politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli İranda baş verən silsilə terror aktları, eləcə də Qətər böhranı ilə bağlı AzVision.az-ın suallarını cavablandıraraq, bir çox məqamlara aydınlıq gətirib.

-Qabil müəllim, Qətər böhranından sonra İranda terrorun olması təsadüfdürmü, yoxsa bu Tehrana kimlərsə tərəfindən verilən açıq mesajdır?

-Belə hadisələr həmişə müsəlman, islam dünyasında baş verir. Terror olayının Qətər böhranından sonra olması təsadüf deyil. Qətər böhranı ilə bağlı fikri söyləmək nisbətən asandır. Çünki Qətər şeyxi ABŞ prezidenti Donald Trampın Ər-Riyada səfəri zamanı qeyri-diplomatik hərəkətlərə yol vermişdi. O, Tramp və Kral Salman haqqında istehzalı fikirlər səsləndirmişdi. Bundan sonra isə nümayişkəranə şəkildə İran prezidenti Həsən Ruhaniyə zəng edərək, müsəlman birliyinə qarşı mövqe sərgiləmişdi. Qətər əmiri müxtəlif ali məktəbləri bitirsə də, siyasətçi kimi tam formalaşmayıb.

O, 33 yaşında atası Əmiri həbs etdirərək onun yerinə keçib. Qətərdə demokratiyanın, seçki sistemin olmadığı bir cəmiyyət mövcuddur. Bu cəmiyyədə hakimiyyətin başında duran sülalənin istənilən nümayəndəsi kimi, o da siyasətçi kimi formalaşmayıb. Eyş-işrət düşkünü olan rəhbər ölkəni idarə edə bilməz. Qətər dünyanın ən zəngin qaz yataqlarına sahib olan ölkədir. Bu zənginlik ərəb dünyasında texnoloji inkişafa və sıçrayışa kömək etmir. Cəmiyyət daha da tənbəlləşir.

Mənim fikirimcə, Qatar məsələsində gündəmdə duran əsas məsələ hakimiyyət dəyişikliyidir. Bunu həm ərəb dünyası, həm də xarici dövlətlər istəyir.

İrandakı terrora gəlincə, hamının ağlına dərhal İŞİD gəlir. İŞİD İran tərəfindən ən çox zərbə almış terrorçu təşkilatıdır. Uzun müddətdir ki, İŞİD İranı hədələyirdi. Bu hadisələri İŞİD törə bilər. Amma burada xüsusi xidmət orqanlarının laqeyidliyi də diqqətdən yayınmır. Xomeyninin məqbərəsinə hücum İranlıların heysiyyatına toxunmaqdır. Ora İranlıların ən müqəddəs bildikləri yerlərdəndir.

Hesab edirəm ki, İrandakı terroru İŞİD törətdə belə, bunun arxasında hansısa qüvvələr dayanır. İcraçılar verilən tapşırığı yerinə yetirirlər. İranda baş verən terrorda İŞİD-in iştirakı realdır. Bu terror tapşırığının sifarişinin yuxarı mənbələrdən gəldiyini də heç kimə sirr deyil.

-Sizcə, İranda terror törətməkdə əsas məqsəd nədir?

-Artıq İran Yaxın Şərqdə yüksək mövqe tutur. İraq İranın təsiri altındadır. Orada şiələr hakimiyyətdədir. Suriyada da da həmçinin rəhbərlik şiələrin əlindədir. Bu faktdır ki, Suriya da artıq İranın təsiri altındadır. Fikrimcə, böyük güclər İranın bölgədəki təsirini azaltmaq üçün belə qanlı olayı törətmək istəyiblər. Digər yandan İranda molla rejimini dəyişməyi də hədəfləyə bilərlər.

- Azərbaycanla qonşuluqda yerləşən İranda terror baş verirsə, bu ölkəmiz üçün təhlükəlidirmi?

- Azərbaycanda irimiqyaslı terror hadisəsinin törədilməsi mümkünsüzdür. Amma terror hər bir ölkədə ola bilər. Heç kim bundan sığortalanmayıb. Düşünürəm ki, Azərbaycanda hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıqdır və baş verə biləcək istənilən hadisənin qarşısını anındaca almaq iqtidarındadır.

-İranda çevriliş ola bilərmi?

- İran elə dövlət deyil ki, bu cür hadisələr baş verən kimi çevriliş olsun. Sadəcə burada məqsəd İrana göz dağı vermək, qorxutmadıq, müəyyən məsələləri İranın diqqətinə çatdırmaqdır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: İran   Terror   Qətər  





Xəbər lenti