Tarixçilərdən Quba məzarlığı haqda sərəncama dəstək
“Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.
Akademik Yaqub Mahmudov iclasda Quba məzarlığının son durumunun müzakirəsi zamanı bu sözləri deyib: “Qubadakı “Soyqırımı memorial kompleksi” şok təsiri bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu təlqin etdikləri “zavallı, genosidlərə məruz qalan xalq” obrazını darmadağın edir”.
Toplantıda bildirilib ki, “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə insan sümüklərinin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Buna görə də sərəncama əsasən, muzey kompleksindəki cəsəd qalıqlarını qorumaq məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov rəhbərlik edir.
İnstitut direktoru çıxışında qeyd edib ki, Qubadakı abidə tarixi həqiqətləri dünyaya yaymağa kömək edir: “Biz prinsipial olaraq öz tariximizi dünyaya qəbul etdirməliyik. Dünyanın bəzi dairələri bizi eşitmək istəmir, özlərini karlığa, korluğa vururlar. Qubadakı məzarlığı qorumaq lazımdır. Oradakı qalıqların çürüməsinin qarşısı alınmalı və sümüklər xüsusi mühitdə, şüşənin altında saxlanmalıdır”.
“Biz, Tarix İnstitutu olaraq türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş dörd konfransdan ikisini Qubada keçirmişik”, - deyə Yaqub Mahmudov sonda bildirib.
AzVision.az
Teqlər: Quba-Məzarlığı Tarix-İnstitutu