Prezidentin tapşırığı ilə yaradılan komissiya toplandı
Qeyd olunub ki, memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir.
Xatırladaq ki, Prezident İlham Əliyev “Soyqırımı memorial kompleksi”ndəki mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.
Komissiya araşdırmanın nəticələrini və görüləcək işlər barədə təklifləri bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.
AzVision.az
Teqlər: Quba-Məzarlığı