"Bu iş mənim qırx ilimi aldı" - Əziz Sancarın Nobel sirri (FOTOLAR)

"Bu iş mənim qırx ilimi aldı" - Əziz Sancarın Nobel sirri (FOTOLAR)
  12 İyun 2017    Oxunub:7630
“Mən Nobel alacağam, deyə heç vaxt düşünmürdüm. Bir jurnalist qardaşım həmişə mənə sual verirdi ki, nə vaxt Nobel alacaqsan? Nobel almamışdan bir həftə öncə həmin şəxsi yenə gördüm və mənə eyni sualı verdi. Ona dedim ki, sən bu sualı mənə bir daha ünvanlasan, səninlə danışmayacağam. Çünki, Nobel alsam, bunu hər kəs biləcək”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” mövzusunda keçirilən konfransda kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar deyib.

“Həyatım və fəaliyyətim barədə ətraflı məlumat verdiniz. İndi sizlərə Nobel almağımla bağlı danışım, bir az gülün. Üç nəfər DNA mexanizmi üzərində çalışırdıq. Biz üçümüz bir-birimizlə rəqabət aparmadıq. Çünki çalışdığımız mövzular fərqli idi. Ona görə də Nobel aldıq. Nobel aldıqdan sonra bir türk xanım oğlu ilə birlikdə məni ziyarətə gəldi. Oğlan məndən soruşdu ki, nə üzərində çalışdınız? Dedim bioloji saat mexanizmi üzərində çalışdım. Oğlan sual verdi ki, elə bu qədər? Gülərək dedim ki, bu iş mənim ömrümün qırx ilini aldı. Oğlan daha sonra başqa universitetə müraciət etdi.

Nobel alanda səhər saat 5-də İsveçdən zəng gəldi. Adam həyat yoldaşıma deyib ki, çox vacib mövzudur, Sancar bəyə deməliyəm. Xanımım da deyib ki, mənə deyin. Nəhayət xanım məni oyatdı və telefonda yuxulu-yuxulu mənə dedilər ki, siz Nobel almısınız”-Ə.Sancar bildirib.

Professor qeyd edib ki, bir elm adamı üçün Nobel alma mərasiminin ən önəmli hissəsi Nobel dərsi verməkdir: “Yəni Nobelə layiq olduğunu göstərmək üçün Nobel dərsi verməli və çıxış etməlisən. 20 gün bu dərs üçün hazırlaşdım. Çox həyəcanlı idim. Azərbaycanın Vaşonqtindakı səfirliyində mənə çox diqqət ayırdılar. Dəvət edib, təbrik etdilər. Nobel alma mərasimində mən bütün türk dünyasını təmsil edecəkdim. Çox həyəcanlı idim. Sonda gözəl bir nobel dərsi çıxışı etdim. Türk dünyası adına gözəl bir çıxış etdim.

Türklər demişkən “anamızı ağlatdıqdan sonra” Nobel medalını vermə mərasimi gəlib çatdı. Nobeli almaq üçün kralın otağında gözləyirdik. Mən də yaşlı və yorğun olduğum üçün otaqda yatıb qalmışdım. Çünki çox çalışmışdım. Birtəhər oyandım. Yıxılmadan, ayağım qırılmadan kralın əlini sıxdım və nobeli aldım.

Soruşurlar ki, Nobelin pulunu nə edəcəksən? Nobeli aldığımın ikinci günü medalı Atatürkün Anıt Qəbirinə göndərdim. Çünki Atatürkün hesabına Nobeli almışdım. Beləliklə Atatürk və Türkiyə Cümhuriyyəti qarşısında borcumu ödədim”.











Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Əziz-Sancar  





Xəbər lenti