Nazir həmməruzəçilərlə görüşüb

Nazir həmməruzəçilərlə görüşüb
  13 İyun 2017    Oxunub:1353
İyunun 13-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa Şurasının səmərəli əməkdaşlıq etdiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Qonaqlara penitensiar sistemin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, məhkumların hüquqlarının qorunması, tibbi təminatının yaxşılaşdırılması, o cümlədən vərəmlə mübarizədə ölkəmizin beynəlxalq aləmdə təqdir olunan və digər ölkələrə örnək kimi tövsiyə edilən müsbət təcrübəsi barədə məlumat verilib. Dövlət başçısı cənab İlham Əliyevin cari ilin fevralında imzaladığı penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyi vurğulanaraq ölkəmiz üçün yeni olan probasiya institutunun, elektron nəzarət vasitələrinin tətbiqi üzrə görülən işlərdən bəhs edilib.

Həmməruzəçilər Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamının insan hüquqlarının təminatı baxımından müstəsna əhəmiyyətini vurğulayaraq, bu mühüm sənədin icrası üzrə görülən işləri, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsini məmnunluqla qarşılayıblar. Qonaqlar Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. Görüş zamanı, həmçinin bir sıra digər aidiyyəti məsələlər müzakirə olunaraq qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbirdə ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak edib.

AzVision.az



Teqlər: Fikrət-Məmmədov   AŞPA  





Xəbər lenti