Məmmədyarov Avropa İttifaqı ilə əlaqələri müzakirə edib

Məmmədyarov Avropa İttifaqı ilə əlaqələri müzakirə edib
  14 İyun 2017    Oxunub:1329
Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Azərbaycanda səfərdədir.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Lyuk Devini qəbul edib. Tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə ediblər.

Danışıqların bu mərhələsində əsasən siyasi və ticarət
məsələlərinin müzakirə edildiyi qeyd olunub. Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsinin bu ilin sonunda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümid ifadə edilib.

Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Bu günlərdə keçirilmiş Azərbaycan-Avropa İttifaqı biznes forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Hannın 16 iyun tarixində Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma (connectivity) və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik bildirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ tərəfindən həlli uzanan münaqişələrə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov    





Xəbər lenti