Baş katib İlham Əliyevin qəbulunda - Yenilənib
Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yayılmasında maraqlı olduğumuzu deyən Prezident İlham Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament üzvlərinin Azərbaycana səfərə gələrək inkişafı öz gözləri ilə görməsinin əhəmiyyətini vurğuladı. Parlamentlərarası əlaqələrin önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq etdiyini dedi və bildirdi ki, bu çoxşaxəli əməkdaşlıq uğurlu nəticələr verir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər, səfərlər xalqlar və millətlər arasında dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin əməkdaşlığımıza dair məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
AzVision.az
Teqlər: İlham-Əliyev