Füzulidə kütləvi vətənpərvərlik tədbiri keçirilib

Füzulidə kütləvi vətənpərvərlik tədbiri keçirilib
  15 İyun 2017    Oxunub:1614
Müdafiə Nazirliyi və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tədbirin Horadiz şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

O bildirib ki, Horadiz şəhəri və rayonun 20-dən çox yaşayış məntəqəsi məhz H. Əliyevin hakimiyyətə yenidən qayıdışı, Azərbaycan ordusunun şücaəti nəticəsində azad edilib, Horadiz qəsəbəsinin xarabaları üzərində yenidən dirçələrək müasir yaşayış məntəqəsinə çevrilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev isə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, ordu quruculuğundakı müstəsna fəaliyyətindən danışıb. O bildirib ki, Heydər Əliyev ideyalarına həmişə sadiq olan Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında aprel döyüşlərindəki qələbəni təzələməyə hazırdır və işğal altında olan digər torpaqlarımız da xalqla ordunun birliyi, qələbəyə inamı ilə azad ediləcək.

Vaxtilə bu bölgədə birlik komandiri vəzifəsində xidmət etmiş ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Horadizin azad edilməsində xüsusi xidmətləri olmuş sabiq hərbi hissə komandiri ehtiyatda olan polkovnik Şair Ramaldanov prezident, Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını deyiblər.

Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə xocavəndlilərin də gələcəyə böyük inamla baxdıqlarını, Horadiz, Cocuq Mərcanlı kimi onların da yolunu gözləyən yurd yerlərinin intizarına tezliklə son qoyulacağına inandıqlarını bildirib.

Tədbirdə əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan video-süjetlər təqdim edilib, Silahlı Qüvvələr Mahnı və Rəqs Ansamblı, tanınmış incəsənət ustaları, Füzuli Dövlət Dram Teatrının, məktəblilərin və birləşmiş əsgər özfəaliyyət kollektivləri çıxış ediblər. Tədbir “Biz gedirik Qarabağa” şüarı ilə, “Horadiz halayı”ndan “Qələbə halayı”nadək nidaları altında başa çatıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti