“Əfqan Muxtarlı ilə bağlı qətnamə siyasi sifarişdir” - YAP-dan reaksiya

“Əfqan Muxtarlı ilə bağlı qətnamə siyasi sifarişdir” - YAP-dan reaksiya
  17 İyun 2017    Oxunub:4843
“Avropa Parlamentinin qəbul etdiyi qətnamənin arxasında antiAzərbaycan qüvvələri dayanır”.

Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti, beynəlxalq aləmdə artan nüfuzu bu qüvvələri narahat edir: “Onlar bilirlər ki, Azərbaycan heç bir zaman kiminsə diqtəsi ilə hərəkət etməyəcək. Amma, yenə də öz cəhdlərindən əl çəkmirlər”.

YAP rəsmisi deyib ki, Avropa Parlamentinin iş prinsipində olan qüsurlar vaxtaşırı belə qətnamələrin qəbul olunmasında özünü büruzə verir: “Avropa Parlamentinin 600-dən artıq deputatı var. Amma, kiçik bir qrupu, təqribən 20 üzvü yığışaraq parlament adından qərar qəbul edir. Göründüyü kimi bu hüquqdan sui-istifadə edilir. Aydın məsələdir ki, erməni diaspor təşkilatları ilə əlaqəli, Azərbaycana qarşı qərəzli mövqedə olan müəyyən bir qrup mövcuddur. Qətnamə müəlliflərinin heç biri indiyə qədər Azərbaycanda olmayıb. Hətta, xəritədə belə Azərbaycanın yerini tapmaqda çətinlik çəkirlər. Ona görə də onların qəbul etdiyi qərar kiminsə siyasi sifarişidir”.

A.Mirzəzadə qeyd edib ki, Avropa Parlamentinin vaxtaşırı öz səlahiyyətlərindən kənara çıxması diqqəti cəlb edir: “Həmin qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələrin qanunvericilik sisteminin bir-birinə uyğunluğunu axtarmaqdır. Birləşmiş Avropa üçün ümumi hüquqi prinsipləri müəyyən etməkdir. Amma, bu qurum vaxtaşırı səlahiyyətlərindən kənara çıxaraq Avropadan kənarda yerləşən, təşkilatın üzvü olmayan ölkələr haqqında qərarlar çıxarır. Hətta bir dəfə onlar İndoneziya haqqında qərar çıxarmışdılar. Göründüyü kimi, Avropa Parlamenti bu gün öz nizamnaməsindən kənara çıxmağı artıq normaya keçirib.

Ümumən demək olar ki, Avropa Parlamentinin müəyyən qrupları vaxtaşırı Azərbaycanla vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Bir müddət əvvəl Avropa Parlamentinin qərəzli mövqeyi ilə əlaqədar Azərbaycan bu qurumla əlaqəni kəsmişdi. Ötən ilin payızında qurumun rəhbər işçiləri Azərbaycana gələrək üzr istədilər. Azərbaycanla münasibətlərə yeni səhifədən başlamaqda maraqlı olduqlarını bildirdilər. Amma, göründüyü kimi onların üzr istəməsi ilə növbəti bir qarayaxma kampaniyasının baş verməsi arasında elə bir uzun müddət keçmədi. Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli, böhtan xarakterli qətnamələrin qəbul edilməsi artıq Avropa Parlamentinin vizitkartına çevrilib. Hesab edirəm ki, Avropa Parlamentinin avropalaşmasına çox böyük ehtiyac var”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Avropa-Parlamenti   Aydın-Mirzəzadə  





Xəbər lenti