Azərbaycanın yeni Qarabağ strategiyası: Müharibə riski artır

Azərbaycanın yeni Qarabağ strategiyası: Müharibə riski artır
  20 İyun 2017    Oxunub:8266
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri yekunlaşıb. Bir müddət öncə Ermənistanda və Dağlıq Qarabağda olan həmsədrlər iyunun 19-da Bakıda oldular. Onlar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşdülər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfərləri və keçirdikləri görüşlər, yaydıqları ortaq bəyanat nədən xəbər verir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, həmsədrlərin bəyanatında həmişəki kimi ümumi cümlələr yer alıb. Buna baxmayaraq, bəyanatdakı iki fikir diqqəti cəlb edib?

Birinci: “Həmsədrlər Azərbaycana müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar.

Bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətli olmağa çağırırlar. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu, o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər.



İkinci: Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar.

Bu, o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar".

E.Şahinoğlu hesab edir ki, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb:

“Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı “mərhələli həll” planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: İşğalçıya qarşı yorucu müharibəni genişləndirmək”.



Politoloq deyib ki, düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir: "Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifa etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı silahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqlar işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Fizulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aidiyyatı olduğunu qəbul edir”.



E.Şahinoğlu xatırladıb ki, Ermənistan mürəkkəb vəziyyətdədir: “Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə biməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükəli bölgələrdə yerləşdirlir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq haqqından istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diqtə etməkdə əsas məqsədi də elə budur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qarabağ   Azərbaycan   Ermənistan   Müharibə  





Xəbər lenti