Bunu da edib, danışdığı yayıldı! Belə görməmişdiniz – SON DƏQİQƏ

Bunu da edib, danışdığı yayıldı! Belə görməmişdiniz – SON DƏQİQƏ
  20 İyun 2017    Oxunub:30968
Jurnalistikada yazının başlığı futbol komandasında yaxşı hücumcu qədər vacib amildir; Bütövlükdə yazı çox yaxşı texnika ilə qurula, maraqlı, zövqlü, zəngin ola bilər, amma qolu, hər halda, başlıq vurmalıdır.
Yaxşı başlıq mini-yubka kimidir: açıq hissəni daha cazibəli göstərir, qapalı hissəni isə açmaq arzusu yaradır. Yəni başlıqda verilən informasiya maraqlı olmalı, eyni zamanda, oxucuda onu, türkün sözü, tıklamaq (yəni açmaq) arzusu oyatmalıdır.

Etiraf edək ki, asan deyil; hər başlıq Ronaldu, hər redaktor isə Zidan ola bilmir. Amma hamı tıklanmaq istəyir axı! Təsəvvür edin, futbol oynaya bilməyən Məmmədi “Real Madrid”in tərkibində oyuna buraxıb, nəyin bahasına olursa-olsun, mütləq qol vurmaq tapşırmısan. Nəticədə bu cür başlıqlar yaranır (Aşağıdakıların hamısı real nümunələrdir):

- Halı günü-gündən pisləşən əməkdar artist: "Uje əlim-ayağım..."

- Beyləqanda 2 namussuz gədə tutuldu



- Son DƏQİQƏ! Səfurə Əlizadənin ürəyi 3 dəqiqə dayanan nazir qayınatasından SON XƏBƏR



- Səidə Sultan da kəsdirdi: "Nəfəs ala bilmirdim"

- Türkiyədə öldürülmüş boksçudan özəl açıqlama



- Yeni nişanlanan azərbaycanlı müğənnini DODAĞINDAN ÖPDÜLƏR – VİDEO

- "Kürdəmir ermənilər tərəfindən ələ keçirilib - SON DƏQİQƏ"

- “Məndə olan Aygündə yoxdur..." - Faiq Ağayev



- Tanınmış müğənninin dalı cırıldı və... – FOTO




Bəzi nadir idiotizm nümunələrini çıxsaq, əksər başlıqlarda eyni qəliblərdən istifadə edilir. Bunu daha əyani göstərmək üçün ən çox işlənən 5 qəlibin siyahısını hazırlamaq qərarına gəldim. Yanlış anlamayın: məqsəd heç də o qəliblərdən istifadə edən jurnalistlərlə məzələnmək deyil.

2008-2009-cu illərdə Sky TV-də fokusçuların sirrlərini açan “Breaking the Magician's Code: Magic's Biggest Secrets Finally Revealed” adlı layihə dünya miqyaslı sensasiyaya çevrilmişdi. O zaman dünya fokusçuları layihənin rəhbəri olan həmkarları, maskalı fokusçu Val Valentinoya qəzəblə deyirdilər ki, manıs, bu nə hərəkətdir edirsən?! Niyə camaatın çörəyinə bais olursan!? Cavabında Val Valentino belə bir açıqlama yaymışdı (ŞOK! SON DƏQİQƏ! Valentino danışdı! Əliniz üzünüzdə qalacaq!): “Məqsədim kiminsə işinə mane olmaq deyil. Əksinə, istəyirəm ki, həmkarlarım artıq köhnəlmiş nömrələri bir qırağa qoyub, yeni və maraqlı fokuslar fikirləşsinlər”.

Mənim məqsədim də fərqli deyil: İstəyirəm ki, jurnalistlərimiz artıq sürtülməkdən deşilmiş bu qəlibləri həyət-bacada işlətmək üçün kəndə göndərib, yeni və maraqlı başlıq texnikaları fikirləşsinlər.

İşlənməkdən sürtülüb deşilmiş qəliblər isə bunlardır:

1. “Filankəs danışdı”

Filankəsin danışmağı o zaman xəbər ola bilər ki, o, indiyə qədər heç vaxt danışmamışdı. Amma basgetsin.az saytının ağır seyid olan müxbiri ona müraciət edəndə qəfildən cəddi dövrəyə girib və müsahibin dili açılıb! Redaksiya da əsas mövzunu qırağa qoyaraq, surdotərcüməçinin pulunu vermədən yola salıb və əməkdar filankəsin danışmağını xəbərə çevirib!

Azərbaycan və Türkiyə mediasından savayı, mən heç bir ölkənin KİV-ində belə başlıq qəlibinə rast gəlməmişəm. Bizdə isə bunun lap şiti, yaxud, ingilis demişkən, shit-i çıxarılıb. Bir dəfə hətta belə xəbərə rast gəlmişdim: “Filankəs danışdı. / Dedi ki, bu barədə heç nə danışmaq istəmirəm!”

Deyə bilərsiniz ki, axı AzVision.az saytında da bu qəlibdən istifadə olunur. Təəssüf ki, haqlısınız. Amma nə edək, biz də bu media məkanında fəaliyyət göstəririk, onun tərkib hissəsiyik. Palaza bürünməkdən tam yayınmaq mümkün deyil.



2. “Filan şey yayıldı”

Sanki özünü ortalıqda qoymuş birinin dekolte yaxası və yaxud qısa ətəyi DTX-nın yeddi möhür altında gizlətdiyi dövlət sirri imiş, indi necə olubsa, yayılıb. Rusiyalı hakerlərin işi ola bilər... Biz də vikiliks-dən qabaq xəbər tutmuşuq. Diqqət edin ki, məntiqi vurğu hansısa şəklin, yaxud videonun məzmununun yox, məhz onun yayılmasının üzərinə qoyulur: YAYILDI! Cəmiyyət illərdir o əttökən video və ya şəklin yayılacağı günü gösləyir, bu sirrdən agah olmaq üçün yanıb-qovrulurdu. Nəhayət, o böyük gün yetişdi! Vəssalam, cin butulkadan çıxdı, indi yayıla-yayıla gedəcək, qarşısını almaq üçün internetdə karantin elan olunmalıdır!

3. “Filankəs bunu da etdi”

Həmin o möhtərəm zat indiyə qədər hər şeyi etmişdi, yalnız bircə şey qalmışdı: başını soyuducuya, ayağını isə paltaryuyan maşına soxub, şəkil çəkdirərək, “instagram”-da paylaşmaq!.. Bundan başqa etmədiyi heç nə qalmamışdı, hətta kosmosa da uçmuşdu.
Məşhur xanım müğənnimiz isə hər şeyi etmişdi, bircə 3-cü ərindən doğduğu 1-ci uşağa 2-ci ərinin 4-cü atasının adını qoymaqdan başqa.
Nəhayət, hər ikisi sonda bunu da etdilər! Artıq rahat nəfəs ala bilərik. Füzuli demişkən, “Şükür ki, məqsudə yetdim, intizarım qalmadı...”

4. “Filankəsi belə görməmisiniz”

Vaxt var idi, bəşəriyyət Ayın arxa tərəfini görməmişdi. Vaxt var idi, Saturnun halqasını görməmişdik. 2016-cı ilə qədər Plutonun normal fotosu çəkilməmişdi. İndi viruslardan tutmuş, Yupiterin peyklərindəki vulkanlara, uzaq qalaktikalara qədər çox şeyi görmüşük. Amma 1500 manata toya gedən xanım müğənnilərin dizindən bir qarış yuxarı olan ərazilər hələ də bəziləri üçün “terra incognita” olaraq qalır. Bunu da görün, məsələ bağlansın.

5. “Son dəqiqə!”

Dünya mediasında bu ştampdan adətən o zaman istifadə olunur ki, hazırda hansısa proses davam etməkdədir və oxucuya/izləyiciyə onun son dəqiqə üçün olan vəziyyəti çatdırılır. Yəni bu, qaynar mövzulara aid bir ştamp olmalıdır. Bizdə isə sadəcə olaraq, diqqət çəkmək üçün elə başlıqların qarşısında (və ya axırında) “SON DƏQİQƏ!” yazılır ki, həmin hadisə 21 saat əvvəl, yaxud 3 gün sonra baş versə də, xəbəri oxucuya çatdırmaq baxımından heç nə dəyişməyəcəkdi. Məsələn belə: “Son dəqiqə ştampı haqqında yazı yazıldı – SON DƏQİQƏ!”

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Media   #Jurnalistika   #Başlıqlar  





Xəbər lenti