Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı
  20 İyun 2017    Oxunub:4207
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın.

Müəyyən edilib ki, Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

Azərbaycan Prezidenti Administrasiyası bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fərman   Reklam-Agentliyi  





Xəbər lenti