İtaliyadakı səfirimizdən erməni nazirə cavab: “Yalanlar yetər”

İtaliyadakı səfirimizdən erməni nazirə cavab: “Yalanlar yetər”
  22 İyun 2017    Oxunub:2299
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində ölkəsini dünyada qaçqınlar, miqrasiya, milli azlıqlar kimi problemlərə həssas yanaşan, multikulturalizm dəyərlərinə sadiq ölkə kimi göstərməyə cəhd edib, habelə Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı danışıqlar prosesi ilə bağlı təhrif edilmiş məlumatlar verib.
Erməni nazirin yalanlarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olunub.

“Azərbaycan Ermənistana: “Qaçqınlarla bağlı yalanlar yetər” başlıqlı yazısında Azərbaycan diplomatı bildirir: “20 ildən artıq müddətdir ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymayaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini hərbi işğal altında saxlayan, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirərək onların qaçqın və məcburi köçkün düşməsinə səbəb olan, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini dağıdan, eləcə də irqi ayrı-seçkiliyi dövlət siyasəti səviyyəsində təşviq edərək mono-etnik dövlətə çevrilmiş Ermənistan kimi bir ölkənin xarici işlər naziri olaraq Eduard Nalbandyanın qaçqınların, milli azlıqların problemi, multikulturalizm və sülhdən danışmağa mənəvi haqqı yoxdur”.

M.Əhmədzadə əlavə etmişdir ki, Helsinki Yekun Aktına əsaslanaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin dəfələrlə verdiyi bəyanatlar və hazırda danışıqlar masasında olan sənəd münaqişənin mərhələli həllində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal olunmuş rayonlardan Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutur. “Lakin Ermənistan bu çağırışlara məhəl qoymur və münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağıran Minsk qrupu həmsədrlərinin bəyanatlarını təhrif etməkdən belə çəkinmir”,- deyə Azərbaycan diplomatı bildirib.

Substantiv danışıqların həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini yəni, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması da daxil olmaqla, kompleks tədbirləri ehtiva etdiyini bildirən Azərbaycan səfiri yazısını bu fikirlərlə tamamlayır: “Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaqdansa, münaqişənin həllinə nail olunması və regionda davamlı sülhün təmin olunması üçün hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməlidir”. (AzərTAc)



AzVision.az


Teqlər: Azərbaycan   Səfir   İtaliya   Nalbandyan  





Xəbər lenti