“Azərbaycan Avropa ölkələrinə nümunə ola bilər” - Ədliyyə naziri

“Azərbaycan Avropa ölkələrinə nümunə ola bilər” - Ədliyyə naziri
  23 İyun 2017    Oxunub:1692
"Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır"
AzVision.az ədliyyə naziri Fikrət Məmmədovun AzərTAc-a müsahibəsini təqdim edir:

– Hörmətli Fikrət müəllim, mətbuatda xəbər verildiyi kimi, bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün yeni müasir inzibati binanın açılışı olmuşdur. Bu münasibətlə Sizi, məhkəmə hakimiyyətinin təmsilçilərini təbrik edirik. Bu yeni binanın üstünlükləri barədə oxucularımıza məlumat verməyinizi istərdik.

– Çox sağ olun. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə hakimiyyətinə verdiyi böyük önəmin təzahürü olaraq Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını şəxsən həyata keçirməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu, dövlət başçısının iştirakı ilə istifadəyə verilən beşinci məhkəmə binasıdır.

Ümumiyyətlə isə, son illər məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Bakı şəhəri Sabunçu və Şəki Məhkəmə kompleksləri, paytaxtın Yasamal, eləcə də Gəncə, Oğuz, Gədəbəy, Quba və İmişli rayon məhkəmələri üçün yeni binaların və komplekslərin açılışları olmuşdur. Şəki Məhkəmə Kompleksinin açılışı zamanı dövlətimizin başçısı məhkəmə və ədliyyə işçiləri ilə keçirdiyi müşavirədə proqram xarakterli çıxış edərək məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir.

Bu sahədə islahatlar davam olunur, hazırda 9 məhkəmə üçün müasir binaların inşası aparılmaqdadır.

Qeyd etməliyəm ki, digər müasir binalarda olduğu kimi, inzibati və ictimai zonalardan ibarət olan Nərimanov Rayon Məhkəməsinin yeni binası da müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Burada "Elektron məhkəmə" informasiya sisteminin komponentlərinin tətbiqi, o cümlədən məhkəmə zallarında proseslərin dəqiq və sürətlə protokollaşdırılması və audio-video yazılışların aparılması, elektron sənəd dövriyyəsi və s. ilə bağlı bütün zəruri infrastruktur yaradılmışdır.

Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradan müasir elektron informasiya köşkləri quraşdırılmışdır. Həmçinin, vətəndaşlara tibb, iaşə xidmətlərindən istifadə etmək üçün əlverişli şərait yaradılmış, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılmışdır.
Bütün bunlar məhkəmə fəaliyyətinin daha səmərəli təşkil olunmasına, ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərir, insanlara daha əlverişli və rahat şərait yaradır.

– Bilirik ki, məhkəmə sistemində aparılan islahatlara beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir. Bu mənada Avropa Şurası, Dünya Bankı xüsusi qeyd olunmalıdır...

– Doğrudan da insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarımıza beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilməsi, əldə olunan nailiyyətlərin təqdir olunması hər birimizdə iftixar hissi doğurur. Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bütün üzv dövlətlərdə yayılan dövrü nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verərək buna ayrıca bölmə həsr etmişdir. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirmiş və belə qənaətə gəlmişlər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Eyni zamanda, bu sahədə islahatların mütərəqqiliyini və uğurlu nəticələrini görən nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ilə səmərəli əməkdaşlıq qurularaq məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, mediasiya, yuvenal ədliyyə və digər s. üzrə birgə layihələr həyata keçirilir.
Qeyd olunmalıdır ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirmiş və "Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasının qalibi elan etmişdir.

– Fikrət müəllim, məhkəmə sistemində aparılan islahatlar, həmçinin məhkəmələrə ictimai etimadı yüksəldir. Bunun təzahürü olaraq, yəqin ki, ədalət mühakiməsini həyata keçirən hakimlərin də iş yükü xeyli artmışdır...

– Elədir. Görülmüş kompleks tədbirlər nəticəsində cəmiyyətdə məhkəmələrə inam xeyli artmışdır. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmək imkanı əldə etmişlər. Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yenilənərək zənginləşdirilmiş, o cümlədən portalda "E-məhkəmə" bölməsi yaradılmışdır.

Vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə daha ətraflı məlumatları əldə etmək, "şəxsi kabinetdən" istifadə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və s. imkanı qazanmışlar.

Qeyd etmək istərdim ki, cari ilin sonunadək elektron məhkəmə sistemi ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcəkdir. Eyni zamanda, sistemin tərkib hissəsi olan "elektron icra"nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılmışdır. Cari ilin əvvəlindən isə iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Sözsüz ki, ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır. Məhkəmə statistikasına diqqət yetirsək görərik ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötmüşdür. Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalmışdır.

Ötən dövrdə hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı da Avropa dövlətləri ilə müqayisədə daha azdır, hər 100 min nəfərə 6 hakim düşür. Halbuki, bəzi Avropa dövlətlərində bu göstərici 20-dən artıqdır. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür, 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlardan uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursundadır.

Sözsüz ki, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmələrin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir.

Məhkəmələrin çıxardıqları qərarların icrasına xitam verilməsi səlahiyyətlərinin icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına təsir göstərmiş, həmçinin bu sahədə operativliyə nail olunmuş, əlavə yazışmalara son qoyulmuş, vaxta və dövlət xərclərinə qənaət edilmişdir. Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilmişdir.

Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədən kənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram təminatı yaradılmış, bu cür işlərə elektron sistemlər tətbiq olunmaqla ən qısa müddətdə baxılması mexanizmləri işlənilir, müvafiq qanun layihələri hazırlanır.

Düşünürəm ki, bu sahədə yeni prosedurun tətbiqi məhkəmələrin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcəkdir.

Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur.

Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olmuş, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılmış, o cümlədən beynəlxalq təcrübə öyrənilmiş və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanmışdır. Həmçinin, Avropa Şurası və Avropa İttifaqı ilə bu sahədə birgə layihələrin təşviqinə dair razılığa gəlinmişdir.

Dövlət başçısının ötən ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi, şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaqdır.

– Ölkəmiz, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına aiddir. Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə hansı tədbirlər görülür?

– Qeyd etməliyəm ki, Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, ayrıca təlimlər təşkil olunur. Həmçinin bu sahədə Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən hakimlər, hakimliyə namizədlər və digər hüquqşünaslar üçün iki illik xüsusi layihə həyata keçirilir.

Avropa Məhkəməsinin qərarları, o cümlədən Azərbaycanla bağlı qəbul etdiyi qərarlar hakimlər arasında geniş yayılır. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq Ali Məhkəmənin Plenumunda müzakirə olunmuş, bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilmiş və müvafiq tövsiyələr verilmişdir.
Bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların böyük səmərəsi nəzərə alınaraq son illər ərzində Məhkəmənin 20 hakimi, o cümlədən sədrləri ölkəmizə səfərlər etmiş, təlimlər keçirilərək mühazirələr oxumuşlar.

Təhlillər göstərir ki, Avropa Məhkəməsinin özündə hədsiz iş yükü vardır. Bu isə üzv dövlətlərin milli məhkəmə sistemlərində qüsurların olması ilə səciyyələndirilir. Bununla əlaqədar Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair ötən dövrdə bir neçə konfrans keçirilmiş, problemin həlli yolları araşdırılmış, həmçinin üzv dövlətlərdə məhkəmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı əhatəli sənədlər qəbul olunmuşdur. Həmin konfranslarda ölkəmiz də fəal təmsil olunmuş, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə məhkəmə sistemində aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılmışdır. Təsadüfi deyil ki, bu sahədə sürətli islahatların Azərbaycanda həyata keçirilməsi etiraf olunmuş və görülən işlərə böyük maraq göstərilmişdir.

Konfranslar zamanı qəbul olunmuş bəyannamələrin implementasiyasına xüsusi diqqət yetirilərək bu mühüm sənədlərin mahiyyətini ictimaiyyətə çatdırılması məqsədi ilə bu sənədlər dərhal tərcümə olunaraq nazirliyin və Məhkəmə-Hüquq Şurasının internet saytlarında (www.justice.gov.az, www.jlc.gov.az) yerləşdirilmişdir. Bundan əlavə, qəbuledilmə tələblərinə cavab verməyən şikayətlərin sayının azalmasında mühüm rolu olan Avropa Məhkəməsinin Şikayətlərin qəbul olunması kriteriyalarına dair praktiki bələdçi də nazirlikdə Azərbaycan dilinə tərcümə olunmuş və veb-saytda yerləşdirilmişdir.

Eyni zamanda, hakimlərimizin və digər hüquqşünasların Avropa Məhkəməsində təcrübə keçmələri diqqətdə saxlanılaraq son illər 110 nəfər hakim, prokuror və vəkillər Strasburqda tədris səfərlərində olmuşlar. Yeri gəlmişkən, hazırda hakimliyə namizədlərimiz həmin Məhkəmədə praktiki təlimlərə cəlb olunmuşdur. Bundan əlavə dövlət başçısının təşəbbüsü ilə bir nəfər hakimimiz Strasburq Məhkəməsinə ezam olunmuş və bu təşəbbüs Avropa Məhkəməsinin sədri tərəfindən yüksək qiymətləndirilərək belə bir təcrübənin davam etdirilməsi barədə razılığa gəlinmişdir.

Avropa Məhkəməsinin qərarlarının icrasına da xüsusi önəm verilir. Qeyd etməliyəm ki, bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir.

Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı çıxarılan qərarların sayı cəmi 16 təşkil etmişdir. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılmışdır. Ümumiyyətlə, Məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olmuşdur.

Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı isə ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır. Belə ki, Avropada 10 min əhaliyə orta hesabla 0.64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0.34 təşkil edir. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olmuşdur.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

Möhtərəm Prezidentimizin diqqəti və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir, insan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam olunur, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən Milli Məclisin son iclasında daha iki yeni qanun qəbul olunmuşdur.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti