Hərbi liseyin məzunlarının buraxılışı keçirilib

Hərbi liseyin məzunlarının buraxılışı keçirilib
  23 İyun 2017    Oxunub:1346
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti 45-ci buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.



Tədbirdə çıxış edən polkovnik Elman Namazov bu əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik edib.
Sonra Hərbi Liseyin müəllimi Vüsalə Nuruyeva, valideyn Leyla Məmmədova və başqaları çıxış edərək kursantları məzun günü münasibəti ilə təbrik ediblər.

Kursantlar adından çıxış edən Anar Ağazadə komandanlığın onlara göstərdikləri etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.



Tədbirə dəvət olunmuş Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da çıxış edərək bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlardan danışıb, məzunlara uğurlar diləyib.



Təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub. Kursant Murad Tahirli liseyin yaş kötüyünə 2017-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.
Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.
Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb.

AzVision.az


Teqlər: Məzun   MN  





Xəbər lenti