Azərbaycan və Polşa prezidentləri görüşüb - Yenilənib

Azərbaycan və Polşa prezidentləri görüşüb - Yenilənib
  27 İyun 2017    Oxunub:1993
İyunun 27-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Polşa Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcəyini qeyd edən Prezident Andjey Duda bildirdi ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

Prezident İlham Əliyev Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı, bu baxımdan Azərbaycan-Polşa biznes forumunun əhəmiyyətini qeyd etdi.

Söhbət zamanı, həmçinin nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.










AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Polşa  





Xəbər lenti