İndi qarpız yemək təhlükəlidirmi? - Ekspert rəyi

İndi qarpız yemək təhlükəlidirmi? - Ekspert rəyi
  29 İyun 2017    Oxunub:3824
Son günlər yerli bazarlara çıxarılan qarpızın təhlükəli olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər qarpız və yemişin təhlükəli olduğunu bildirsə də, Kənd Təsərrüfatı Nazirliyi narahatçılığa əsas olmadığını bəyan edib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov AzVision.az-a bildirib ki, məhsulun qapalı və ya açıq şəraitdə yetişdirilməsindən asılı olmayaraq, aqrotexniki qaydalara əməl olunması və lazımi miqdarda kimyəvi elementlərdən istifadə edilməsi vacibdir.

“Əvvəllər torpaq mikroelementlər, lazımi maddələrlə zəngin idi. Son zamanlar torpaqların münbitləşdirilməsi, homos qatının artırılması, lazımi mineral elementlərlə təmin edilməsi istiqamətində problemlər var. Belə olan halda istixana şəraiti və ya açıq hava şəraitində yetişdirilən məhsula bitkinin boy artımını, inkişafını təmin etmək üçün daha çox azot verilir. Nəticədə bitkilərdə nitratın toplanması halı baş verir. Aqrotexniki qaydalara əməl olunması, bitkiyə lazımi qədər element verilməsi və yoxlanma zamanı insan orqanizm üçün zərərli maddələrin normaya uyğun olması məhsulu istehlak etməyə imkan verə vilər. Əgər aqrotexniki qaydalara əməl olunmayıbsa, və bitkinin yetişdirilməsi zamanı daha çox azot, kimyəvi zəhərli maddələrdən istifadə olunubsa, o zaman məhsul zərərli ola bilər. Bu, həmin an təsir etməsə də, müəyyən müddətdən sonra öz təsirini göstərir”.

V.Məhərrəmov qeyd edib ki, nəzarət güclü olan ölkələrdə fermerlərə insan orqanizmi üçün zərərli meyvələri bazara çıxarmağa və ya ixrac etməyə imkan vermirlər. “Orada fermer çalışır ki, standarta uyğun məhsul istehsal etsin. Bu yaxınlarda Azərbaycandan Polşaya göndərilən donuz əti Çexiya, Slovakiyada donuzları yoluxdurub. Dünən Qazaxıstandan 81 ton katrof geri qayıdıb, kartofda karantin obyekti aşkar edilib. Bütün bunlar deməyə imkan verir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı, idxalına, ixracına nəzarətdə müəyyən boşluqlar var. Belə olan halda bizim istehlakçılar risklə üzləşirlər. İndi qarpız və yemişin insan orqanizmi üçün təhlükəli olmasını birmənalı olaraq heç kəs deyə bilməz. Çünki ölkədə çoxsaylı fermerlər var və onlar fərqli qaydada məhsul yetişdirirlər. Elə fermer var ki, vicdanlıdır, aqrotexniki qaydalara əmək edir. Eləsi də var ki, bazar üçün məhsul istehsal edir, vicdanını unudur və ya bilməyərəkdən kimyəvi maddələrdən daha çox istifadə edir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarpız   Ekspert  





Xəbər lenti