Azərbaycanda ən mənasız 10 şey – SİYAHI

  29 İyun 2017    Oxunub : 65770
Azərbaycanda ən mənasız 10 şey – SİYAHI

Anarın “Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarının personajı Məmmədnəsir Zaura belə deyirdi: “Bala, əgər hər şeyin mənası olsa, həyatın özü mənasız olar”. Hər şeydə məna axtarmaq doğrudan da, lazım deyil. Amma elə şeylər var ki, onların mütləq mənası olmalıdır. Çünki bunlar, bank terminologiyası ilə desək, sistem əhəmiyyətli şeylərdir.

Nonsens iki halda başlayır: 1) Ciddi məna daşımalı olan şeylər mənasını itirəndə və 2) Mənasız şeylərə ciddi məna yüklənəndə. Belə hallarda beyni mənasızlıq virusundan qorumaq üçün başı dəsmalla bərk-bərk sarıyıb, zəncəfilli çay içərək, yaxşı tərləmək lazımdır. Nonsensdən uzaq olmaq üçün isə aşağıdakı milli mənasızlıq siyahısını yadda saxlayın.

1. Halal kolbasa və Hacı pivəsi

Klassik ədəbiyyatdan bilirik ki, bu dünyada bəzi şeylərsiz keçinə bilməyən bəzi şeylər var; məsələn, gözəl qəmzəsiz, igid yaraqsız, ağa kərəmsiz, qul xətasız, kolbasa piysiz, pivə spirtsiz olmaz. Lap tutaq ki, hansısa fantastik texnologiya nəticəsində həqiqətən də pivənin tərkibindəki spirti 0%-ə endirmək mümkün oldu. Amma niyə?! O halda, yerdə qalan nə olacaq? Axı biz pivəni məhz tərkibindəki 4-5%-lik alkoqola görə içirik, qıcqırmış arpa suyuna görə yox! Pivəni pivə edən onun tərkibindəki spirtdir. Əgər alkoqolsuz içki lazımdırsa, pivədən qat-qat gözəl və ləzzətli içkilər var, nuş elə də, Hacı! Niyə dirəşirsən?!

2. Pul verib işə düzəlmək

İş yerinin mahiyyəti budur ki, orada çalışıb, pul alasan. Pul verib işləmək nəinki iqtisadiyyatın qanunlarına, ümumiyyətlə, sağlam məntiqə ziddir. “Mən sizə pul verim ki, siz də mənə pul verəsiniz” – bu məntiq yalnız “evcik-evcik” oynayanda yerinə düşə bilər. Əgər haradasa işə götürmək üçün səndən pul istəyirlərsə, deməli, orada lazım deyilsən. Lazım olmadığın yerdə isə niyə işləməlisən ki?! Axı haradasa sən doğrudan da lazımsan, mütləq lazımsan...

3. Magistratura oxumaq

Təxminən bakalavr pilləsində keçilən mövzuları elə eyni müəllimlər bir az başqa cür danışırlar. Sənin isə buna vaxtın və pulun gedir. Bir də, içinə şübhə dolur ki, görəsən, bizə bakalavr pilləsindəmi çox şey öyrətmişdilər, yoxsa magistr mərhələsindəmi az öyrədirlər? Yəni ondamı həriflənirdik, yoxsa indimi? Üstündən 3-4 il keçəndən sonra ağlı olmayan hər kəs bu sualı özünə verir ki, axı bu formada magistr təhsili mənim nəyimə lazım idi? Ağlı olanlar isə 3-4 il uzatmırlar, elə təhsil ala-ala bunu soruşurlar.

4. “Ev qızı” axtarmaq

Bu, sadəcə, bir ticarət markasıdır, intəhası, axırında (TM) yazmağı unudublar. Eynilə, məsələn, “kənd toyuğu”, “Naxçıvan göycəsi”, “Gəncə dovğası” kimi. Əgər “ev qızı” deyəndə öz həyat yoldaşına qədər başqa bir bir oğlanla münasibətdə olmayan afəti-nazikbədən nəzərdə tutulursa, “inbox” və “vatçap” dövründə belə şey mümkün deyil, özünüzü aldatmayın. Ya da ki, gözünüzün birini Cinayət Məcəlləsinə, o birini 8-ci sinifdən aşağıda oxuyan qızlara yönəldin.

5. Mitinq keçirmək

Hər dəfə eyni adamların eyni yerə yığılıb, eyni sözləri təkrarlamasından daha mənasız nə ola bilər? Əli Kərimliyə məsləhət görürəm ki, “Məhsul” stadionunda keçirilən köhnə aksiyanın videoyazısını özlərini çox xərcə və əziyyətə salmadan, sadəcə, hər rübdə bir dəfə “Azadlıq” və “Meydan TV” səhifələrində təzədən canlı yayımlasınlar. Feysbuk buna imkan verir. Heç kim fərqi hiss etməyəcək, elə biləcəklər təzə mitinq keçirmisiniz. Hacıbala müəllim də çaşıb qalacaq ki, axı bunlar icazəni kimdən alıblar!?

6. Quda/baldız/qayın/bacanaq qohumluğu

Qohumluq – ciddi bağların əsasında qurulan münasibət olmalıdır, iki nəfərin bir-birilə yatması üzərində yox. O sadə səbəbə görə ki, həmin iki nəfər sabah bir-birilə yatmaya da bilərlər. Ölkəmizdə boşanmaların statistikasının hazırda ən yüksək həddə çatması göstərir ki, bu perspektiv tamamilə realdır. Ondan sonra dünənə qədərki qohumluqlar pişiyin quyruğunun altında itib-batır. Münasibətləri daha ciddi dəyərlər üzərində qurmaq lazımdır, xanımlar və canablar!

7) +18 xəbərlər

Bu gün internetdə erotika və pornoqrafiyanın səviyyəsi başı seriala qarışan qadının pilətənin üzərinə qoyduğu qazandakı südün səviyyəsi kimidir. Yəni daşır. Belə olan halda bəzi guya ictimai məzmunlu saytların +18 materiallar ilə özünü yüngülsaqqal eləməyini anlamaq olmur. Bu, zatən hər yerdə doludur axı, doğrudanmı hələ də “işləyir”?! Amma ən dəhşətlisi odur ki, bəli, işləyir... Oxucu hələ də “+18” görən kimi, üstünə basır.

8) Disk satan mağazalar

Hamı filmə də internetdə baxır, musiqini də internetdə dinləyir. Xoşuna gələn treki yenə də internetdən endirib, telefonuna yükləyir. Elə isə, disk satan mağazalar kimin üçündür? Yəqin, bir şair demişkən, kənddən gələnlər üçün... Hərçənd, indi kəndlərdə də yüksək sürətli internetin olduğunu nəzərə alsaq, mağazada disk satmağın praktik olaraq heç bir anlamı qalmır.

9) Şair olmaq

Mirzə Ələkbərin yazdığı “Bülbülə, gülə eşqə dair yalanlar fırlatmışam” söhbətinin üstündən bir əsrdən çox keçib, amma ağsaqqal ziyalılarımızın sözü olmasın, Sabirin yazdıqları hələ də aktualdır. Hələ də 57 nəfəri tag edib, “Tənhayam” adlı şeir paylaşan idiotlar nəinki var, hətta gündən-günə artırlar. Tənhasan – çıx küçəyə, kiminləsə tanış olmağa cəhd elə... Onsuz da çox nadir istisnaları çıxmaqla, heç kim heç kimin şeirini oxumur. Şair olduqlarını ancaq ondan bilirik ki, 60-70 səhifəlik bir kitabça buraxdırıb, şəklini də feysbukda örtük fotosu ediblər. XXI əsr şeir əsri deyil, gül və bülbül söhbəti çoxdan bağlanıb. İndi yaradıcılığın başqa növləri aktualdır. Bacarırsansa, məsələn, ssenari yaz.

10) Toylarda çıxış etmək

Əvvəla, onsuz da səni heç kim dinləmir; ikincisi, lap dinləsələr belə, nə dediyini düşünəcək halda deyillər. Heyhat, əlinə mikrofon alan adam həmin an bunu anlamaq istəmir və başlayır Qərb fəlsəfəsindəki ekzistensializm probleminin şərhində boşluqlar axtarmağa. Halbuki, mən əminəm: əgər Siseron 21-ci əsrdə yaşasa, natiqliyi öyrənmək üçün gedib dəniz qırağında yox, Azərbaycan toylarında çıxış edərdi. Çünki hər halda, balıqların səni dinləməsi ehtimal daha böyükdür...

Teqlər: #Siyahı   #Köşə   #Vüsal-Məmmədov