Bu il neçə məzuna qızıl medal veriləcək? - Açıqlama

Bu il neçə məzuna qızıl medal veriləcək? - Açıqlama
  30 İyun 2017    Oxunub:3671
2016/2017-ci tədris ili üzrə orta məktəbi bitirən məzunların neçəsinin qızıl və gümüş medala layiq görüləcəyi hələ bilinmir.

AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O qeyd edib ki, hər il olduğu kimi bu il də şagirdlərə qızıl və gümüş medallar qanunvericiliyə uyğun şəkildə veriləcək.

“Hələlik nə qədər şagirdə qızıl və gümüş medalın veriləcəyi bilinmir. Araşdırmalar aparıldıqdan, nəticələr tam öyrənildikdən sonra bununla bağlı müvafiq əmr veriləcək. Ötən il şagirdlərə qızıl və gümüş medalların verilməsi ilə bağlı əmr hansı vaxtda olmuşdusa, bu il də eyni vaxtda veriləcək”.

Qeyd edək ki, 2015/2016-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 129 nəfər qızıl, 29 nəfər gümüş medalla təltif olunub.

2014/2015-ci tədris ilinində isə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edilib.

“Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib.

Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir.

Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq, yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Qızıl-medal  





Xəbər lenti