Cümhuriyyətin qurucularına divan tutan bolşevik Fətəli xanın qızı ilə niyə evləndi? – TARİXİ ARAŞDIRMA

  30 İyun 2017    Oxunub : 69419
Cümhuriyyətin qurucularına divan tutan bolşevik Fətəli xanın qızı ilə niyə evləndi? – TARİXİ ARAŞDIRMA

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin xarici işlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

AzVision.az Fətəli xan Xoyskinin yeganə qızı Tamara xanım Xoyskinin həyatı ilə bağlı araşdırma aparıb və maraqlı faktları üzə çıxarıb.

Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoylu (Xoyski) Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb.

Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib.

Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.



Bəs Cümhuriyyətin qurucusu olan bir şəxsin qızı ilə bolşevik məmuru hansı tellər bağlaya bilərdi?

Mirzə Davud Hüseynov (1894-1938) 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olub. 1906-cı ildə şəhər məktəbini bitirib və Bakı realnı məktəbinə daxil olub. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsində təhsilini davam etdirib.

1918-ci ilin noyabrından Rusiya Kommunist Partiyasına üzv olub. 1917-ci ildə Bakıya qayıdıb, Azərbaycan tələbələri arasında inqilabi iş aparıb, tələbə komitəsini yaradıb. 1918-1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra sədri, RKP-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olub. Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) cari vəziyyət barəsində məruzə edib, MK Rəyasət Heyətinin sədri seçilib.


(Mirzə Davud Hüseynov)

Azərbaycanda Rusiyanın müdaxiləsi ilə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR-in Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışıb.

1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olub. Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİK(b)P ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilib. 21 mart 1938-ci ildə Bakıda güllələlənib.

Nəriman Nərimanovun İ.V.Stalinə yolladığı “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubu M.D.Hüseynovla bağlı həqiqətləri bütün çılpaqlığı ilə üzə çıxarır. Məktubda həmin hissəni olduğu kimi təqdim edirik:



Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin ilk tərkibi: yuxarıdan sağa: Həmid Sultanov, Mirzə Davud Hüseynov, Möhsün İsrafilbəyov (Qədirli), Dadaş Bünyadzadə, Nəriman Nərimanov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Ağahüseyn Kazımov, Səmədağa Ağamalıoğlu, Çingiz İldırım, Cəmil Vəzirov

- Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara – Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə, məşhur, hörmətli bir qadın gözüyaşlı yanıma gəlib, ailəsinin namusunu qorumağı xahiş edir. O aşağıdakıları danışdı:

“Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif edib, lakin qızım ona rədd cavabı verib - başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə EFKA -nın agentləri evimə girib, axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin və i.a. və i.a.”.

Onu sakitləşdirib, Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım.
O qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu, təkrar olmayacaqdır”.

Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi.

Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: Mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir…”




Ədəbiyyatşünas, tərcüməçi, Vilayət Quliyev illər öncə bu məktubda nələrdən söhbət açıldığını belə qeyd edib:

- Ailə gizlinlərinə baş vurmaq hər zaman maraqlıdır. Xüsusən söhbət tarixi şəxsiyyətlərdən, dövlət adamlarından gedəndə bu maraq qat-qat artır. Həm də ictimai əhəmiyyət kəsb edir. Bizə yol göstərənlərin özlərinin şəxsi həyatda necə olduqlarını bilmək hər kəsin ilgisini çəkir.

Yəqin çox az adam bilir ki, Azərbaycandakı ən fəal bolşevik liderlərindən birinin – Mirzə Davud Hüseynovun xanımı ilk Cümhuriyyətimizin qurucularından olan Fətəli xan Xoyskinin qızı idi. Görünür, məğlub hökmdarın arvadını, yaxud qızını cariyəyə çevirmək təkcə nağıllara, yaxud qədim dövrlərin tarixinə xas olay deyildi.

Yəqin ki, unudulmaz “Komsomol poeması”nın müəllifi, xalq şairi Səməd Vurğunun bu qeyri-adi izdivacdan xəbəri vardı. Həmin vaxt Fətəli xan həyatda olmasa da, onunla Gəray bəy, Tamara ilə Humay, Mirzə Davudla Cəlal arasında müəyyən bənzərlik sezməmək mümkün deyil. Səməd Vurğunun poemasında komsomol Cəlalı Gəray bəy öz əlilə cəzalandırır. Sinfi tabuları pozan M.D.Hüseynova isə qurucularından olduğu rejim eyni amansızlıqla divan tutdu.



Azərbaycanın faciəsini şəxsi faciəsi kimi yaşayan Nəriman Nərimanov Leninə, Trotskiyə və Stalinə ünvanladığı “Milli ucqarlarda partiyanın siyasətinə dair” adlı məktubda Əliheydər Qarayev, Mirzə Davud Hüseynov kimi neobolşevik liderlərin özlərini inqilabın ərköyün övladları kimi apardıqlarından, yazılmış və yazılmamış qanunları pozduqlarından, milli və partiya əxlaqına sayğı göstərmədiklərindən şikayətlənirdi. Konkret nümunə kimi M.D.Hüseynovun yanına şəxsi məsələsilə əlaqədar gəlmiş gənc bir xanıma ədəbsiz təklifdə bulunmasından bəhs edirdi.

Düşünmək olar ki, söhbət Fətəli xanın qızından getmir. Çünki Mirzə Davud Tamara Xoyski ilə qanuni nikaha girib və 17 il birlikdə yaşamışdılar. Hər ikisini Moskvada eyni gündə həbs edib, hətta eyni “voronka”da həbsxanaya aparıblar. Molotovlarla ailəvi dostluq da işlərinə yaramayıb. Xidmətində canla-başla dayandığı rejim M.D.Hüseynovu 1938-ci il martın 21-də, Novruz bayramı günü qətlə yetirib. Amma Tamara Xoyskiyə - Cümhuriyyətin sonuncu xarici işlər nazirinin qızı və Azərbaycan SSR-nın ikinci xarici işlər nazirinin xanımına atasının və Azərbaycan Cümhuriyyətinin siyasi bəraətini görmək qismət olub.



Yazıçı-publisist Şəmistan Nəzirli isə bizimlə söhdətində M.D.Hüseyovun Azərbaycan tarixinin “üz qarası” olduğunu deyib:

- Mirzə Davud Hüseyov AXC-ni quranlara divan tutan bolşevik olub. Onlar ölkəni başdan-başa qarət edir, xoşlarına gəlməyən hər kəsi güllələdirdilər. Mikoyan istəyirdi ki, Mirzə Davud Hüseynov və Əliheydər Qarayevdən istifadə edərək, İnqilab Komitəsinin sədri Nərimanovun əl-ayağını bağlasın, o, öz nüfuzundan istifadə edə bilməsin".

Diplomat Pərvin Mirzəzadənin anası Fətəli xan Xoyskinin uşaqları ilə qonşuluqda yaşayıb. Onlar indiki İstiqlaliyyət, o vaxtkı Kommunist küçəsində, “İsmailiyyə” binası ilə üzbəüz, “İtalyanskiy dvor” adlanan kommunal mənzilli bir həyətdə yaşayıblar. Xoyskinin həyat yoldaşı rus olub - Yevgeniya xanım-, amma Fətəli xan Xoyskiyə ərə gələndən sonra İslamı qəbul edib və Ceyran xanıma çevrilib.



- Mənim anam onun qızı ilə dostluq edib. Yəni Fətəli xan Xoyskinin nəvəsi ilə,- deyir Pərvin Mirzəzadə,- Anam danışırdı ki, onlar çox ağır şəraitdə yaşayıblar, bir otaqda bir neçə nəfər qalırmış. Fətəli xan Xoyskinin oğlu sürücü olub. Bilirsiniz ki, 30-cu illərdə əsilzadə sinfinə aid olan nəsillər müəyyən hüquqlardan məhrum olunmuşdular, o cümlədən ali təhsil hüququndan. O üzdən, oğlu ali təhsil ala bilməyib... Fətəli xanın babaları çar ordusunda böyük vəzifə sahibi olublar. Babası general-mayor, atası general-leytenant imiş. Tamara xanım 37-ci ildə repressiyalarla üzləşib. 50-ci illərdə Azərbaycana qayıdıb. Qayıdandan sonra uzun müddət Nazirlər Kabinetində çalışıb…



Sonda isə Mirzə Davud Hüseynovla bağlı Stalinin Nərimanova yazdığı cümlələri xatırlayaq: “Sizin yerliniz Hüseynov da bizim komissarlığın tərkibində olan hörmətli bolşeviklərimizdən biridir, yoldaş Nərimanov, Siz onu yaxşı tanıyırsız”.

Hafiz Əhmədov

P.S. Mövzunun davamı olacaq.

AzVision.az

Teqlər: Fətəli-xan-Xoyski   AXC