"Heydər Əliyev hakimiyyətə gəlməklə müxalifəti xilas edib" - Siyavuş Novruzov

  30 İyun 2017    Oxunub : 1511
"Heydər Əliyev hakimiyyətə gəlməklə müxalifəti xilas edib" - Siyavuş Novruzov
“Adların əbədiləşdirilməsinə fərqli yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır. Lakin həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq Ulu öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil”.
AzVision.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, Ulu Öndəri hakimiyyətə Azərbaycan xalqı dəvət edib: “Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu Öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zaman hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Sürət Hüseynovun Azadlıq meydanında qurduğu dar ağacları və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, Ümummilli lider müxalifətdə olanları da xilas etdi. Buna görə də Ulu öndərin adı əbədiləşdirilməli, adına məktəb, universitet olmalıdır. Çünki Ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev iclasda çıxışı zamanı Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.

O, bildirib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.

“Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır. Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar. Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov