Sarkisyan Putindən inciyib: “Rusiya Azərbaycana silah satmasa...”

Sarkisyan Putindən inciyib: “Rusiya Azərbaycana silah satmasa...”
  30 İyun 2017    Oxunub:3575
Ermənistan tərəfi yenidən Rusiyanın Azərbaycana silah satması məsələsini gündəmə gətirib. İrəvan bunu əlində bayraq tutaraq Rusiyaya güvənmədiyini açıq-aşkar bəyan edib. Hətta Ermənistan rəhbərliyinin Azərbaycana silah satıldığına görə Rusiyadan incidiyi deyilir.
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Rusiyanın Azərbaycana silah satması barədə sualı cavablandırarkən deyib ki, təhlükəsizliyin təmin olunması məsələsində Ermənistan ilk növbədə özünə güvənməlidir. Digərinə (Rusiyanı nəzərdə tutur-red) bəslənən ümidlər bizi yanlış istiqamətdə çox uzaqlara apara bilər.

“Rusiya bizim tərəfdaşımızdır və biz onunla əlaqələrə böyük önəm veririk. Amma ümid bağlamaq lazım deyil”.

Məsələni AzVision.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, adətən Ermənistan tərəfi Rusiyadan bir şey qopartmağa çalışanda belə sərsəm bəyanatlar səsləndirir: “Ermənilər gözlərini açandan rus qayğısı ilə əhatə olunduqlarını görüblər. Ruslar onların düşündüklərindən fərqli hərəkət etdikdə ermənilər qarşı tərəfi ittiham etməyə başlayırlar. Son günlər baş verən hadisələr nədən erməniləri hiddətləndirməlidir?

Azərbaycan çoxdan sifariş etdiyi və pulunu ödədiyi silahları müəyyən gecikmələrlə indi almağa başlayıb. Azərbaycan Rusiyadan silahları bazar qiymətinə alır. Ermənistan isə bu silahları adı kredit olan vasitələrlə və yaxud pulsuz alır. Bölgədə düşmən ölkənin arxasında duran və onu bu cür danışmağa vadar edən qüvvə Rusiyadır. Ermənilərin etirazına Rusiyanın baş nazirinin müavini Dimitri Roqozin çox gözəl cavab verib. O, bildirdi ki, Rusiya silah satmasa, digər dövlətlərə müraciət edəcək. Həqiqətən də Rusiya başa düşür ki, Azərbaycana silah satmasa, rəsmi Bakı digər ölkələrdən ən müasir silahları ala bilər. Ona görə də Ermənistanın məsələnin tam mahiyyətindən xəbərdar olmadan ərköyüncəsinə Rusiyanı tənqid etməsi, əsəb gətirən davranışlar sərgiləməsi Rusiyanın öz günahıdır. Çünki, Rusiya ərköyün forpostunu həddən artıq əzizləməklə bölgənin başbəlasına çevirib”.



Politoloq bildirib ki, Ermənistan tərəfinin “qəzəbi” saxtadır: “Ermənistanın Rusiyanı tənqid etməsi bu ölkədən nələrisə qopartmaq arzusundan irəli gəlir. Güman etmirəm ki, Rusiya Cənubi Qafqazdakı silah balansının Azərbaycanın xeyrinə dəyişməsinə etimad göstərsin. Ermənilər bunu bildiklərindən indidən hay-küy salırlar ki, Rusiyadan yenidən pulsuz silah, hərbi texnika qoparsınlar. Rusiyanın Cənubi Qafqaz siyasəti bir tərəfdən status-kvonun qorunub-saxlanılmasına yönəldilibsə, digər tərəfdən isə Azərbaycan və Ermənistanı silahlandırmaqla buradakı öz nüfuzunu qorumağa çalışır. Ermənilərin qəzəbi də saxtadır.

Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş dəstələrinə öz nümayəndəsini təyin edib. Bu çox təhlükəli addımdır. Yeni bir addımla ermənilərin könlünü almağa çalışacaqlar. Bu məsələdə ermənilərdən çox rusları təqsirləndirmək lazımdır. Çünki, Dağlıq Qarabağ probleminin yaradılmasında, Ermənistanın danışıqlar prosesindən qaçmasında bilavasitə Rusiyanın həlledici rolu var. Ermənilərin kimə və nəyə görə naz etdiklərini başa düşmək o qədər də çətin deyil”.

Q.Hüseynli deyib ki, təhlükəsizliyinin təmin olunmasında Ermənistanın ilk növbədə özünə güvənməsi ilə bağlı fikirlər cəfəngiyyatdır.

“Tutaq ki, Rusiyanın Ermənistanda hərbi mövcudiyyəti yoxdur. Ermənistanı silahla təchiz etmir. Ermənistan isə özünə güvənir. Ölkədə iqtisadiyyat yox, büdcədə pul yox, necə öz təhlükəsizliyini qoruyacaq? Azərbaycanlılar silahsız da 3-4 günə ermənilərin kökünü kəsə bilər. Ona görə də ermənilərin bu cür “xoruz”lanması və Rusiyaya güvənməmələrini bildirməsi sərsəmlikdir. Ermənilər Rusiyaya güvənib Azərbaycan torpaqlarında dövlət yaradıblar. Rusiyanın dəstəyi ilə ikinci dövləti yaratmağa cəhd edirlər. Ermənilərin həyatında elə bir addım olmayıb ki, rusların dəstəyi olmadan, öz potensialları hesabına atsınlar”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti