“Külək bir az da qalxsa, cəsədimiz də tapılmayacaqdı” | “Neft daşları” necə kəşf olunmuşudu (FOTOLAR)

  04 İyul 2017    Oxunub : 30990
“Külək bir az da qalxsa, cəsədimiz də tapılmayacaqdı” | “Neft daşları” necə kəşf olunmuşudu (FOTOLAR)
Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, ABŞ-ın məşhur “Ocean Star” Muzeyinin laureatı... xalq arasında isə sadəcə, “Neftçi Qurban” adı ilə tanınan Ağaqurban Əliyev ötən əsrin əfsanəvi şəxsiyyətlərindəndir.

O, 1911-ci ildə Göyçay şəhərində anadan olub. 1936-ci ildə Azərbaycanın Sənaye İnstitutunu bitirib, neft və qaz yataqlarının geologiyası, kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı Kaqanoviç NMİ-yə verilib və tezliklə baş geoloq vəzifəsinə təyin olunub.

A.Əliyevin rəhbərliyi və iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilib ki, bunlardan Neft Daşları, Günəşli, Azəri, Çıraq, Kəpəz, Səngəçal-Duvannı, Gürgan-dəniz, Qum adası, Bahar və başqalarını göstərmək olar.

Ağaqurban Əliyev neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənməyib. O, istehsalatda rəhbər vəzifədə çalışmaqla bərabər, həm də neftçi mütəxəssislərin hazırlanmasına qayğı göstərib. 1966-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Elmi Tədqiqat Layihə İnstitutuna baş geoloq və direktorun elmi işlər üzrə müavini təyin edilib. Ağaqurban Əliyevin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunub. Onun rəhbərliyi altında 15 nəfər geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib.

İki dəfə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə mükafatlandırılıb. İki çağrış Azərbaycan SSR Ali Sovetinin, həm də Rəyasət heyətinin üzvü olub.



ABŞ-ın Hyuston şəhərindəki məşhur “Ocean Stars” muzeyində dünyanın hər yerində nəhəng neft yartaqlarının pionerləri - ilk kəşf edənlər haqqında məlumatlar toplanıb. Ağaqurban Əliyev orada dünyanın ilk iri dəniz neft yatağını kəşf etmiş alim kimi təqdim olunur.



Prezident İlham Əliyev 4 aprel 2011-ci ildə “Ağaqurban Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncam imzalayıb. Ötən əsrin 50-ci illərində Azərbaycanın böyük sənətkarı Bülbülün ifa etdiyi "Neftçi Qurban" mahnısı da bu görkəmli şəxsiyyətə həsr olub.

Ağaqurban Əliyev bir çox məşhur neftçilərin müəllimi olub. Onlardan biri də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadədir.




- Mən Ağaqurban müəllimi tələbəlik vaxtımdan tanıyıram,- deyir Xoşbəxt Yusifzadə,- Bizə geologiyadan dərs deyirdi. O illərdə dəniz kəşfiyyatına başçılıq edirdi, baş geoloq idi. Bizə dərsdən əlavə, dənizdə aparılan işlərdən, kəşfiyyatlardan maraqlı söhbətlər edərdi. Elə danışırdı ki, bizdə dənizə böyük maraq oyadırdı. Bəlkə də, mənim dənizə meyl etməyimin əsas səbəbkarı Ağaqurban müəllim olub. Onun dərslərini yaxşı oxuyur və əla qiymətlər alırdım. İnstitutu qurtardım, məni aspiranturaya saxlamaq istədilər, lakin atam 1935-ci ildə repressiya olunduğundan, siyahıya düşmədim.

Mənimlə bərabər Arif Şıxlinskini də siyahıdan çıxartdılar. İkimiz də çıxılmaz vəziyyətdə qalmışdıq. Məni mühəndis geologiyası ilə məşğul olan idarəyə göndərdilər. Odur ki, dənizdə işləmək istədiyimi Moskvaya yazdım. Mənə icazə verdilər. Amma bilmirdim kimin yanına, hara gedim. İnstitutun dəhlizində Ağaqurban müəllimlə rastlaşdım, dedim ki, məni dənizə göndərirlər, amma bilmirəm, kimə müraciət edim. Cavab verdi: “Ölməmişəm ki... Səhər səni “Azneft”in qabağında gözləyirəm. Gəl ora, bir yerdə gedərik”. Beləliklə, məni o zaman Birliyin baş geoloqu vəzifəsində çalışa Məlik Paşayevin yanına apardı, o qədər təriflədi ki... Mən Ağaqurban müəllimin yaxşılığını heç vaxt unuda bilmərəm.



Ağaqurban müəllimin ən yaxşı xüsusiyyətlərindən biri də bu idi ki, tabeliyində olan geoloqların tərəfini saxlayar, heç kəsin ayağına verməzdi. Tələbkarlığı ilə barəbər, onların yaşayış şəraitini yaxşılaşdırar, qayğısına qalardı. Onun əziz xatirəsi biz tələbələrin qəlbində daim yaşayacaq.

Xoşbəxt Yusifzadə A.Əliyevin əfsanəvi “Neft Daşları” yatağını kəşf etməsindən də söhbət açıb. O, xatırladır ki, dənizdə məhsuldar qat çöküntülərinin neft-qazlılıq ehtimalının yüksək olmasına baxmayaraq, açıq dənizdə kəşfiyyat qazması böyük vəsait və risk tələb etdiyindən, bu işə başlamaq məsuliyyətini üzərinə götürmək istəyənlər çox az idi. Bunu elmi cəhətdən əsaslandıran və iqtisadi cəhətdən səmərəli olmasını sübut edən Ağaqurban Əliyev oldu. Odur ki, bir çox müqavimətlərə baxmayaraq, o, 1947-ci ildə başçılıq etdiyi ekspedisiya ilə birlikdə Neft Daşları sahəsinə gələrək, geoloji xəritə qurdu, su səthinə çıxmış balaca bir quru sahəsinin - 1 nömrəli quyunun yerini seçdi. Suyun buruq qoyulacaq sahəni basıb-basmadığını yoxlamaq üçün ora bir-iki kisə sement qoydular. Müəyyən müddətdən sonra yoxlananda məlum oldu ki, sement quru qalıb. Suyun seçilmiş sahəni basmaması onları bir qədər də ürəkləndirdi. Orada qazılan quyu 1949-cu ilin noyabr ayının 7-də neft verdi və Neft Daşları dünya miqyasında açıq dənizdə kəşf edilmiş birinci yataq oldu.



A.Əliyevin “Neft Daşları” yatağındakı ikinci əhəmiyyətli və məsuliyyətli xidməti, birinci quyudan 7-8 km. cənub-şərqə 17 nömrəli quyunun yerini seçməsi idi. Qazılmış quyudan bu qədər uzaq məsafədə yeni yerin seçilməsi böyük risk idi. Bu quyudan məhsul alınması neftli zonanın elə bir ölçüdə genişlənməsinə səbəb oldu ki, açıq dənizdə dünyada ilk dəfə estakada üsulunun tətbiq edilməsinə imkan yarandı. Bu isə öz növbəsində tez bir zamanda neft hasilatının artmasına gətirib çıxardı və 1950-ci ildə sahilə neftlə dolu ilk tanker göndərildi.
Neft Daşları” yatağının kəşfinin əsas əhəmiyyətlərindən biri də odur ki, bu xətt üzrə yerləşən “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” kimi böyük neft ehtiyatına malik yataqların aşkar olunmasına təkan verdi.

Ağaqurban Əliyev 38 yaşında ideyanın müəllifi və işin rəhbəri kimi, nəhəng “Neft Daşları” yatağını kəşf etməsinə görə bir qrup neftçi ilə birlikdə birinci dərəcəli Stalin mükafatına layiq görülüb. Həyatını araşdıran tədqiqatçıların dediyinə görə, bu böyük nailiyyət ona qarşı həm məhəbbət, həm də həsəd, paxıllıq hissinin yaranmasına səbəb oldu.



SOCAR-ın prezidenti Rövnəq Abdullayev də qeyd edib ki, Ağaqurban Əliyev zəngin və şərəfli keçmişə malik Azərbaycan neft sənayesinin ən parlaq simalarından biridir: “Onun elmi uzaqgörənliyi, təşkilatçılıq bacarığı nəticəsində yataqdakı neftli zonanın genişləndirilməsi dünyada ilk dəfə dənizdə estakada üsulunun tətbiq edilməsinə imkan yaradıb. Sonralar Ağaqurban Əliyev bu istiqamətdə fəaliyyətini uğurla davam etdirib”.



Ağaqurban Əliyevin özü isə Neft Daşlarını kəşf etməsini belə təsvir edirdi:

- Mən dənizi gəzib-dolanırdım, axtarırdım ki, harada daşlar var. Neft Daşlarına qədər gəlib çıxmışdım. O ərazidə çox gəmilər qərq olub. Bunu bildiyimdən, işimi möhkəm tutmuşdum. Özümlə yalnız iki nəfər - topoqraf Vasya Zvezdovu və fiziki cəhətdən sağlam, qoldan qüvvətli Qrednovu götürmüşdüm. Hər daşın kompasla azimutunu təyin edirdik. Neft Daşları haqqında çox geoloqların fikirləri bizə bəlli idi. Lakin mənə qədər orada işləyən olmamışdı. Motorlu qayığı aralıda saxlayır, sonra balaca qayığa oturub, daşlara yaxınlaşırdıq. Dörd ildə bircə dəfə bərk külək əsdi, onda da özümüzü təhlükəsiz yerə çatdıra bildik. Əgər külək bir az da qalxsa, əlli-ayaqlı gedəcəkdik, heç cəsədimiz də tapılmayacaqdı. Daşların qalxımı, orta hissəsi, oxu, qanadları haradadır? - bilən yox idi. Çünki bu fikirlər uzaqdan-uzağa söylənmişdi, fakta, təhlilə söykənməmişdi. 1948-ci ilin axırlarında bu işləri başa çatdırdım”.



Rusiyanın Neft-Qaz enskilodeyasında da Ağaqurban Əliyevin həyat faəliyyətinə geniş yer ayrılıb. Diqqətimizi çəkən bir məqamı sizə təqdim edirik: “...Ağaqurban Əliyev Azərbaycanın müstəqillik illərində də öz ölkəsinə yeni ideya və kəşflər bəxş edib. Neft Daşlarının şərq istiqamətində davamı olan “Günəşli”, “Azəri”, “Çıraq” və “Kəpəz” yataqlarının aşkar edilməsi də bura daxildir. Bunlar sonradan “Əsrin Müqaviləsi”nin əsasını təşkil etdi”,- deyə ensikolodiyada qeyd olunub.

Ağaqurban Əliyev kimi görkəmli şəxsiyyətlə görüşmək şansına sahib olmuş neftçi-jurnalist Vahid Hacıyev də onunla bağlı xatirələrini bölüşür:

- Ən çox cəsarətli olmağı diqqətimi çəkirdi. Qəhrəmanlara xas müsbət keyfiyyətlər onda cəmləşmişdi. Orta boylu, iti və nüfuzedici baxışları, qüvvətli əlləri vardı. “Çətinliklə üzləşəndə heç vaxt ruhdan düşməyin”,- deyirdi həmişə. Bu insanda qorxu hissi yox idi. Əqidə və məsləki yolunda ölümə də gedərdi. 1944-cü ildə Elmlər Akademiyasında geoloji ekspedisiya yaradılır. Həmin ekspedisiya Çilov adasında geoloji axtarışlara başlayır. Orada ilk neft quyusunu məhz Ağaqurban Əliyev qazdırır. Özü danışırdı ki, Lenin ordenli gəmi kapitanı Əjdər Sadıqovla “Qubkin” gəmisi ilə Neft Daşlarına gedirdik. İki kilometr qalmış balaca qayıqlarla qara daşların üzərinə gəlirdik. O dövrdə Neft Daşları əfsanəvi, çox möcüzəli bir yer olub. Ağaqurban müəllim dənizdə düz 90 gün Qara daşların üzərində tədqiqat aparıb. Neft Daşlarının ən dərin yeri 43 metrdir. Ağaqurban Əliyev deyirdi ki, qarşıma məqsəd qoymuşdum: əgər neft çıxsa, qayıdacağam, çıxmasa –dənizdəyəm. “Bizim gələcəyimiz dənizlə bağlıdır”,- deyirdi.



1948-ci ildə Moskvada geoloqların Ümumittifaq Müşavirəsində iştirak edən Ağaqurban müəllimin orada bununla bağlı sərt çıxışı rəhbərliyin xoşuna gəlmir. Lavrenti Beriya Mir Cəfər Bağırova zəng edib deyir ki, sənin geoloqun burada özünü yaxşı aparmır. Beləliklə, Ağaquban Əliyevi geri çağırırlar. Danışırdı ki, “Məni Bakıda qarşıladılar və bildirdilər ki, axşam “xozeyn”in qəbuluna gəlməlisən. Gəldim qəbul otağına, gördüm ki, içəridə böyük müşavirə gedir. Bağırov biləndə ki, qəbul otağındayam məni çağırdı. İstədim ayaqda əyləşim, Bağırov dedi ki, yuxarı keçin. Məndən soruşdu: “Sən orada nə demisən ki, Beriyan acıqlanıb?” Dedim: “Yoldaş Bağırov, mən sizin yanınızda necə danışıramsa, orada da elə çıxış etmişəm”. Bağırov dedi: “Get, işinə davam elə. Nə vaxt istəsən, məni narahat edə bilərsən”.



O vaxt Azərbaycanın neft sənayesində əsas vəzifələri ermənilər tuturdular. O, həm ermənilərlə, həm də erməni xislətli adamlarla mübarizə aparırdı. Müharibə illərində Bağırov onu partiya işlərinə göndərmək istəyirmiş. Ağaqurban isə öz ixtisasına uyğun işlərə getmək istəyirdi. Ona görə, Bağırova deyir
- Orada işləyənlərin hamısı köhnə bolşeviklərdir, mən də cavan adam. Məni orada düzgün başa düşməyəcəklər.
Bağırov hirslənir:

- Sən mənimlə siçan-pişik oyanayırsan?
- Mən istəyirəm ki, sabah təqaüdə çıxanda dolanışığım yaxşı olsun.
- Deyirsən, yəni biz acından öləçəyik?


O zaman M. Bağırova söz demək özü böyük hünər idi. Amma Ağaqurban Əliyev çox ürəkli adam idi. Mir Cəfər Bağırov cəsarətli, həm də işini bilən adamları sevirdi. Ağaqurban Əliyev o dövrdə ölkə üçün lazımlı adam idi. Bağırov ona deyir ki, yaxşı qal, öz işində işlə.

Ağaqurban Əliyev haqqında 3 film çəkilib. Üçüncü film məhz Heydər Əliyevin göstərişi ilə 1981-ci ildə hazırlanıb. 1975-ci il iyunun 17-18-də Neft Daşlarının 25 illik yubileyi keçiriləndə, Ağaqurban Əliyev hamı kimi zalda əyləşibmiş. Heydər Əliyev onu görüb deyir: “Ağaqurban müəllim, buyurun yuxarı, Rəyasət Heyətində əyləşin”.



Amma dövlət başçısının da böyük dəyər verdiyi Ağaqurban Əliyevin zəhmətini bəzən qiymətləndirməyənlər də vardı. 2009-cu ildə “Azərbaycan neft təsərrüfatı” jurnalının 11-ci sayında “Neftyanıye Kamni - fenomen Kaspiyskoqo morya” adlı məqalə yayımlanıb. Məqalənin müəllifi Texniki Universitetin professoru M.Mirbabayev idi. O, Neft Daşlarındakı həmin yatağın ilk kəşfiyyatçısının əfasanəvi geoloq Ağaqurban Əliyev olması haqqında heç nə yazmır, onun adını oxucuya Əli kimi təqdim edir. Əslində, hamı bilir ki, Ağaqurban müəllim orada gecəli-gündüzlü gərgin axtarışlar aparıb, öz fikrini istər Respublika, istərsə də keçmiş İttifaqda keçirilən mötəbər müşavirələrdə inadla müdafiə edib və ilk quyunun qazılacağı geoloji nöqtəni dəqiqliklə göstərib, axıradək bu işə nəzarət edib. Həmişə deyirdi ki, elə Kaveroçkin haqqında danışırlar, Kavoreçkin mənim təşkilatımda işləyən qazmaçı idi. Bir az da içən adam idi. Mənim qismətimə Neft Daşlarını kəşf etmək düşdü, onun qismətinə isə ilk neft quyusunu qazmaq.

Fotoda soldan N.Baibakova və akademik A.Yaqubova fıkir verin. Onların Neft Daşlarının kəşfində heç bir iştiraki olmayıb. Ançaq necə özlərini gözlərə və tarixə təqdim etməyə can atırlar. Bu günə qədər belələri tapılmaqdadır.



Ağaqurban Əliyevin nəslinin davamçısı, öz fəaliyyəti ilə heç də atasından geri qalmayan oğlu Yalçın Əliyev isə atasını belə xatırlayır:

- Ağsaqqallarla söhbətdən öyrəndim ki, sən demə, atam məktəbə gec - 10 yaşında gedib. Çünki 90 il əvvəl o, məktəb direktorunun qarşısında şərt qoyub. Direktor da çarəsizlikdən razılaşıb. Şərt nədən ibarət idi: atam məktəbə özünün sevimli canavar balası ilə gedir, onunla birgə oturur.



Onun dostları çox idi. İnsanlıq tarixində brilyant saydığım Səməd Vurğun, Mirzə İbrahimov, İmam Mustafayev, Akademik İsmayıl İbrahimov, Rəsul Rza bizə gələrdilər. Manaf Süleymanovun da adını o sırada çəkə bilərəm. Yaxşı xatırlayıram: tez-tez Manaf müəllimlə onun məşhur kitabı barədə müzakirə edirdilər. O, öz kitabında yazıb: “Ağaqurban Əliyev, amerikalı A.Levorsen kimi dünyanın cəmi bir neçə geoloqunun müvəffəq oldugu inanılmaz uğurlar əldə etmiş şəxsdir”.

Bizim ata-oğul münasibətlərimiz rəsmi idi. Bir dəfə neft problemləri ilə bağlı Moskvaya hesabat hazırlayırdı. Mövzu diqqətimi çəkdi, mən də öz fikirimi bildirdim. Təəccübləndi: mən səni belə hazırlıqlı bilməzdim. O vaxt atamın 75 yaşı vardı, mənsə yaşda ondan iki dəfə balaca idim. Əgər bunu dostluq saymaq olarsa, bu hadisə bizim dostluğumuzun tarixidir.



Heydər Əliyevin Neft Daşları haqqında dediklərindən:

“Yeni neft strategiyasının elmi və maddi təməli məhz Neft Daşlari ilə qoyulub”.

Neft Daşları 20-ci əsrdən 21-ci əsrə atılmış körpüdür”.

“1949-cu ildə… bu kəşflər olmasa idi, indi Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında dünyanın böyük neft şirkətləri ilə müştərək iş aparmağa imkanımız olmazdı”.

“Kiçik kəşfiyyat desantının neftdən qaralmış və dalğalar üzərində yüksələn qayalıqlardan endiyi 1948-ci ilin payız günləri haqqında xatirələr nəsillərdən nəsillərə keçəcək. Neft daşlarını kəşf edənlər – geoloq Ağa Qurban Əliyev, inşaatçı Vasiliy Roşşin, buruq ustaları M.Kaveroçkin, Q.Abasov, gəmi kapitanı Ə.Sadıxov və onların cəsur yoldaşları olublar”.





















Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Teqlər: Neft-daşları   Ağaqurban-Əliyev   Neftçi   Professor