Alxanlıdakı erməni vəhşiliyi ilə bağlı həmsədrlərə çağırış edildi

Alxanlıdakı erməni vəhşiliyi ilə bağlı həmsədrlərə çağırış edildi
  05 İyul 2017    Oxunub:3015
“Bu günə qədər heç bir ciddi işlə məşğul olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərindən Alxanlıdakı erməni təxribatına ciddi münasibət gözləyirik. Hər zaman sivil Azərbaycan vətəndaşlarına qarşı işğalçı Ermənistanın bu cür vandalizm aktlarına susub, ümumi,mənasız açıqlamalarla tanınan bu Qrupun həmsədrlərindən sivil insanlarımıza qarşı törədilən bu cinayətə ciddi reaksiya vermələrini tələb edirik”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. Deputat Ermənistanın növbəti təxribatı ilə bağlı İspaniyada beynəlxalq tədbirdə məsələ qaldıracağını bildirib.

“Həmsədrlərin işğalçı ölkəyə qarşı heç bir addım atmaması Ermənistanı bir az da bu vandalizm aktlarına cəsarətləndirir. Sabah İspaniyada Beynəlxalq Konfransda iştirak edəcəyəm və təbii ki, ilk işim tədbirdə iştirak edən beynəlxalq təşilatlar rəhbərlərinə və müxtəlif ölkələrdən gəlmiş siyasətçilərə bu barədə geniş məlumatları təqdim etmək olacaq. Bütün dünyada yaşayan soydaşlarımız da bu cinayətlərin dünyaya daha geniş duyurulmasında aktiv olmalıdır. Ordumuz düşmənə layiq olan cavabı verib və verir. Allah əziz Alxanlı kənd sakinlərini, ön cəbhəmizdəki bütün insanlarımızı qorusun. Hamımızın qəlbi, fikri indi onların yanındadır. Hər zaman olduğu kimi. Bir daha həlak olan əziz bacımız Sahibə xanıma, balamız Zərhaya Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. İnşallah işğalçı ölkənin bu vəhşilikləri yerdə qalmayacaq”-deyə deputat vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

AzVision.az


Teqlər: Füzuli   Alxanlı   Təxribat   Ermənistan  





Xəbər lenti