Monteneqro “ASAN xidmət” təcrübəsini öyrənir - FOTOLAR

Monteneqro “ASAN xidmət” təcrübəsini öyrənir - FOTOLAR
  06 İyul 2017    Oxunub:2273
4 – 5 iyul 2017-ci il tarixində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az–a verilən xəbərə görə, səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsidir.



Səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.



Daha sonra Şəhidlər Xiyabanı da ziyarət edilib. Nazir Suzana Pribiloviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Ölkəmizə səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, “ASAN radio”, “ASAN Təlim-tədris mərkəzi” və “ABAD” Sənətkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.



Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi, bu islahatların tərkib hissəsi kimi “ASAN xidmət”in təsis edilməsi barədə ətraflı məlumat verilib. Qonağlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bildirilib ki, bu günədək 16 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.



Qeyd edək ki, səfər çərçivəsində xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ilə də görüşüb.

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti