"Ekspertə ödəniş etmək üçün DİM-in pulu yoxdur" - Məleykə Abbaszadə

"Ekspertə ödəniş etmək üçün DİM-in pulu yoxdur" - Məleykə Abbaszadə
  10 İyul 2017    Oxunub:1423
“Dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirak edəcək müstəqil ekspertə ödəniş etmək üçün DİM-in pulu yoxdur və biz ancaq özümüzü maliyyələşdirə bilirik”.

AzVision.az-ın məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, ekspertlərin ödənişini dövlət orqanları həyata keçirəcək.
M.Abbaszadə bildirib ki, müsahibələrdə bir DİM nümayəndəsi, bir dövlət orqanı nümayəndəsi və müstəqil ekspert iştirak edir: “Hazırda vakansiyalar olan bəzi dövlət təşkilatlarından bizə müraciət daxil olub. Müraciətlər əsasında daxili müsahibələr aparılır. Baxaq, görək ilkin nəticələr necə olacaq”.

Dövlət qulluğuna qəbulda müsabiqənin test mərhələsindən uğurla keçən namizədə təqdim edilən sertifikasiyanın 5 il müddətdə qüvvədə qalmasına toxunan DİM sədri deyib ki, sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək: “Bu qərar bizim tərəfəmizdən birmənalı qəbul olunmayıb. DİM-in təklifi o idi ki, bu müddət 2 il təyin edilsin. Çünki, hər bir standart imtahan nəticəsi ən çox iki il qüvvədə olur. Təəssüf k, bizim təklif qəbul olunmadı”.

M.Abbaszadə dövlət orqanlarında reyestr işini icra edən məsul şəxslərə də müraciət edib. DİM rəhbəri bildirib ki, reyestrə məsul olan şəxslər başa düşməlidir ki, bu, çox ciddi prosesdir: “Dövlət qulluğu üzrə yaradılmış reysterə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcək. Reysterdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır. Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reysterə daxil etməyən vəzifəli şəxslər 300-600 mamat cərimə ediləcək. Bundan başqa, resyterdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, bəzi qurumlarda qulluqçuların elektron bazada telefon nömrələri qeyd edilmir”.

M.Abbaszadə bildirib ki, bu cərimənin tətbiqindən sonra heç kim bu vəzifələrə gəlmək istəməyəcək: "Bir daha qeyd edirəm ki, bizim məqsədimiz kimisə cərimələmək deyil. Məqsədimiz insanların işinə məsuliyyətlə yanaşmağa təşviq etməkdir. Bu iş heç də asan deyil. Bunun üçün təşkilatın maddi bazası da olmalıdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti