Cəlilabadın telekommunikasiya infrastrukturu yenilənir

Cəlilabadın telekommunikasiya infrastrukturu yenilənir
  11 İyul 2017    Oxunub:1035
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cəlilabad rayonu ərazisində bir sıra yenidənqurma və genişləndirmə işləri həyata keçirir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, rayonun mərkəzi və kənd elektron ATS-lərinin xətt şəbəkəsinin texniki normaya gətirilməsi, köhnə avadanlıqların istismardan çıxarılması, port tutumunun artırılması, yeni telefon çəkilişinin aparılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.

Mərkəzdə yeraltı çəkilmiş 2100 metr zədələnmiş kabellər yeni kabellərlə əvəz olunaraq, abunəçi xətti normaya gətirilib. Paralel olaraq, kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndi istiqamətində rabitə xətlərinin texniki normaya gətirilməsi və əlavə 50 telefonun çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb. Əlavə olaraq, mərkəzi küçədə abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə 200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, mövcud abunəçilərdən əlavə 100 müştərinin yeni tikilmiş xəttə qoşulması təmin edilib.

Hazırda Günəşli kəndində rabitə xətt şəbəkəsində genişləndirmə və təmir işləri davam etdirilir. Adnalı və Üçtəpə kəndlərində də şəbəkənin genişləndirilməsi və təmir bərpa işləri aparılıb.

Bu müddət ərzində Muğan kəndində xətt şəbəkəsi genişləndirilərək 100 nömrə, Alar kəndində isə 50 nömrə artırılıb. Qarazəncir kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ərazidə 20 yeni telefon çəkilməsi üçün xətt şəbəkəsi çəkilib. Hazırda Cəlilabad Telekommunikasiya Qovşağının xidməti ərazisi üzrə xətt şəbəkəsində nəzərdə tutulmuş təmir-tikinti işləri davam etdirilir.

Gələcəkdə “Aztelekom”un digər xidməti ərazilərində də şəbəkənin yenidənqurulması və genişləndirilməsi işləri aparılacaq.

AzVision.az



Teqlər: Cəlilabad   telekommunikasiya  





Xəbər lenti