"Neft bir çox ölkələrə problem gətirib" - Novruz Məmmədov

"Neft bir çox ölkələrə problem gətirib" - Novruz Məmmədov
  12 İyul 2017    Oxunub:1490
“Bu gün neft sahəsində uğurlu, səmərəli əməkdaşlıq təkcə Azərbaycan üçün deyil, eləcə də regionda daha geniş mənada həm ölkələrin sabitliyini, həm təhlükəsizliyini, həm də davamlı inkişafını təmin edir və bu sahələrə böyük töhfə verir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov AzTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, beynəxalq əməkdaşlıq mürəkkəbdir:

“Aydın məsələdir, hər bir dövlət, şirkət öz maraqlarını ortaya qoyur, çalışır ki, daha çox divident əldə etsin. Azərbaycanla paralel yol gedən dövlətlər olub, onlarda çox böyük problemlər əmələ gəlib. Hazırda ölkəmiz bu nöqteyi nəzərdən bütün dünyada yaxşı, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dünyanın artıq bütün dövlətləri, şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyirlərsə, bilirlər ki, burada problem olmayacaq. Bu isə məsuliyyətlilikdən irəli gəlir. Məsuliyyətli olmaq qarşıya qoyulan məqsədə çatmaq, ona sədaqətli olmaq deməkdir. Məhz buna görə, bu illər ərzində Azərbaycana investesiyalar qoyuldu”.

N. Məmmədov əlavə edib ki, neftin olması digər tərəfdən risklərin olmasına gətirib çıxarır: “Bir çox ölkələrdə, Afrika, Asiya ölkələrində, xüsusilə Yaxın Şərqdə baş verən proseslər hər kəsə bəllidir ki, neftlə, enerji daşıyıcıları ilə bağlı problemlərdir. Neft bir çox ölkələrə problem gətirib. Azərbaycan üçün isə nefti dünya bazarına çıxarmaq çətin vəzifələrdən biri olub. Başqa dövlətlər kimi dənizlərə, okeanlara çıxışımız olmayıb. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan enerji sahəsində dünya xəritəsini dəyişdi. Prezidentimiz 22-ci Dünya Neft Konqresində çıxışı zamanı bildirdi ki, biz bu siyasəti davam etdiririk. Müəyyən problemlər olsa da, biz öz yolumuzla etibarlı və arxayın irəliyə gedirik”.

AzVision.az


Teqlər: PA   Novruz-Məmmədov   Neft  





Xəbər lenti