Özlərini apara bilməyən məmurları sərt cəza gözləyir

Özlərini apara bilməyən məmurları sərt cəza gözləyir
  13 İyul 2017    Oxunub:3339
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında dövlət məmurlarına ciddi xəbərdarlıq edib. Ölkə başçısı bildirib ki, neqativ hərəkətlərə yol verən hər bir məmur ağır şəkildə cəzalandırılacaq. Bundan əlavə prezident diqqətə çatdırıb ki, ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq.
“Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.

Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın"- Prezident çıxışında vurğulayıb.

Məmur necə olmalıdır? Hansı məmurlar övladlarının badına gedəcək?

Millət vəkili Fəzail İbrahimli AzVision.az-a bildirib ki, prezidentin çıxışı məmurlara növbəti xəbərdarlıqdır:

“Hər müşavirədə cənab prezident bu məsələni gündəmə gətirir. Bu, təsadüfi deyil. Təbii ki, məmurların məsuliyyətini artırmaq məqsədi daşıyır. Son zamanlar məmurların müəyyən problemləri yaranır, işdən azad olunma məsələləri gündəmə gəlir. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. Təəssüf ki, əxlaqsız hərəkətlərilə, normaya sığmayan addımları ilə özünün, valideyninin taleyini problemlərlə üz-üzə qoyan övladlar var. Heç bir valideyn istəməz ki, övladı pis olsun, problem yaratsın. Ancaq, bəzən biz başlanğıcda götürdüyümüz səhv metodlar, həddindən artıq ərköyün, bütün istəklərinin yerinə yetirilməsi, “bunları mən görməmişəm, övladım görsün”, “imkan varsa, nədən olmasın” uşaqlıq dövründə diqqət əlaməti olaraq edilən bu hərəkətlər axırda uşağın tərbiyyəsinə pis təsir göstərir. Uşaq elə qəbul edir ki, atası hər şeyə qadirdir. Eyni zamanda valideynin bəzən telefon danışıqlarında, dostları ilə münasibətində, ailədə özünü daha böyük göstərəndə övlad da atasının çox böyük qüdrətə malik olduğunu qəbul edir. Bəzən də məmur valideyn doğrudan da övladının çirkin əməllərini himayə edir. Bir gün övlad küçədə birini döyür və onu çox rahatlıqla həll edir. Ona görə sabah övlad başqa birinin qarnına bıçaq soxur. Bunlar tədricən baş verən hadisələrdir və tərbiyədə yol verilmiş qüsurların nəticəsidir.

Adi adamların övladları yüzlərlə hoqqa çıxara bilir. Küçədə dava edə, başqa hərəkətlər edə bilirlər. Onların xüsusi məsuliyyəti yoxdur, yalnız valideyn, övlad qarşısında məsuliyyəti var. Amma, məmur böyük bir strukturun təmsilçisidir, dövlət ona etibar olunub. O, digərlərinə nümunə olmalıdır. Bu mənada övladlar yalnış addımları ilə valideynini, nəslini güdaza verir. Bundan hələlki nəticə çıxarmayanlar da var. Cənab prezident bu məsələyə hər dəfə toxunur. Güman edirəm ki, bundan nəticə çıxarılacaq”.

Deputat hesab edir ki, məmur əxlaqlı, xalqın xidmətçisi olmaldır: “Azərbaycanda toxunulmaz adam yoxdur. Bu fikir cənab prezident İlham Əliyevə məxsusdur. “Məmur necə olmalıdır?” Bu suala cənab prezident təxminən bir il öncə keçirdiyi müşavirədə cavab verib. Məmur əxlaqlı olmalıdır. Məmur xalqın xidmətçisi olmaldıır. Azərbaycanda toxunulmaz adam yoxdur. Təəssüf ki, hələ də bunu dərk etməyənlər var. İstər məmur olsun, istər deputat olsun, fərq etmir. Kim olursa olsun övladlarına arxayınçılıq verməməlidir. Hər bir vətəndaş övladına əxlaq, tərbiyə verməlidr. Bunun üçün çox güclü təbliğat aparmalıyıq. Övladlarımızın yanında “asaram, kəsərəm” deyə öyünməməliyik” – deyə millət vəkili vurğulayıb.

Tanınmış politoloq, sabiq deputat Fikrət Sadıqov AzVision.az-a bildirib ki, dövlət məmurları cəmiyyətə nümunə olmalıdır: “Dövlət başçısı dəfələrlə bu barədə keçirdiyi müşavirələrdə məmurlara iradlarını bildirib və onlardan tələb edib ki, xalqın xidmətçisi olsunlar. Məmurlar etikadan kənar hərəkətlər edəndə ölkə başçısı onları mütləq cəzalandırır. Belə halların sayı çox olmasa da, təəssüf ki, var. Hətta xəbərdarlıqdan sonra belə hallar baş verir. Bu çox ciddi məsələdir. İnkişafda olan, quruculuqla məşğul olan, sosial-iqtisadi məsələlərə bağlı böyük addımların atılması fonunda belə hərəkətlərin baş verməsi qəbuledilməzdir. Bunu həm məmurlar, həm də onların uşaqları dərk etməlidir. Hesab edirəm ki, bundan sonra da belə hərəkətlərə şərait yaradılmamalıdır”.

F.Sadıqov vurğulayıb ki, məmurların və övladlarının qanunsuz hərəkətləri dövlətin imicinə zərər vurur: “Hansısa bir yüksək vəzifəli məmurun övladı və ya özü etikadan kənar hərəkət edirsə, deməli o, tək özünə yox, dövlət maraqlarına zərbə vurur. Hesab edirəm ki, həm məmurun özü, həm də övladları hərəkətlərinə fikir verməli və nümunəvi olmalıdırlar”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Məmur  





Xəbər lenti