Silahlı Qüvvələrdə Heydər Əliyevlə bağlı tədbirlər keçirilir

Silahlı Qüvvələrdə Heydər Əliyevlə bağlı tədbirlər keçirilir
  14 İyul 2017    Oxunub:1464
Müdafiə nazirinin tapşırığına əsasən Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Mqdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, vaxtilə Ulu Öndərin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qonağı olduğu hərbi hissədə unudulmaz liderimiz ehtiramla yad edilib, büstü qarşısına gül dəstələri qoyulub və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli mərasim təşkil edilib.

Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin Ulu Öndərə həsr etdiyi kitablar sərgilənib. Müəllif Heydər Əliyevlə görüşlərindən danışıb və hər bir kitab haqqında ətraflı məlumat verib. "Heydər Əliyev və Azərbaycan Ordusu", "Mənim Hərbi Liseyim", "Heydər Əliyev məktəbi", "Müasir Azərbaycan Ordusunun memarı", "Naxçıvan Qarnizonunda Heydər Əliyevlə unudulmaz görüşlər", "Yolumuz Heydər Əliyev yoludur", "Otuz ilin sevinci" və digər kitablar tədbir iştirakçılarında böyük maraq oyadıb.

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev "Heydər Əliyev müasir Azərbaycan Ordusunun memarıdır" mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərində Sovet İttifaqı zamanı vahid ordu olduğu bir dövrdə Ulu Öndərimiz Azərbaycan övladları üçün Cəmşid Naxçıvanski adına hərbiləşdirilmiş xüsusi orta məktəb yaratmaq qərarını qəbul edib. Bu təşəbbüsün Moskvada etirazla qarşılanmasına və məktəbin bağlanılması haqqında dəfələrlə göstərişlər verilməsinə baxmayaraq Heydər Əliyevin iradəsi ilə məktəb fəaliyyətini davam etdirib, gələcəkdə müstəqilliyini bərpa edəcək Azərbaycanımızın Ordusunun zabit korpusu üçün bünövrə qoyulub. Xalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi" adlandırdığı xüsusi təyinatlı təhsil ocağının yaradıcısı sonralar böyük fəxrlə deyəcəkdir: - 1971-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. Mən indi düşünürəm, əgər bu hərbi məktəb olmasa idi, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı. Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir.

General-mayor R.Əliyev Heydər Əliyevlə bağlı xatirələrini yada salaraq, 2002-ci ilin iyun ayının 17-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında (bu filial əsasında Heydər Əliyev adına Hərbi Lisey yaranıb və bu tədris ocağı Ümummilli Liderimizin adının əbədiləşdirildiyi ilk ünvandır) onunla görüşünü xatırlayıb, müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib.

Nəzərə çatdırılıb ki, Ulu Öndər 90-cı ilin əvvəllərində Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi zaman, Milli Ordu mövcud olmadığı bir vaxtda Naxçıvanı erməni təcavüzündən qorumaq məqsədilə Naxçıvan Milli Müdafiə Komitəsini yaradıb və bu qurumun bazasında gücləndirilmiş əlahiddə diviziya və bir neçə il öncə isə dahi liderin arzuları reallaşaraq artıq Əlahiddə Ümumqoşun Ordu formalaşıb.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələb ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra əsl ordu yaranıb və ordu quruculuğu prosesi bu gün Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, 48 il öncə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmiz tərəqqi və inkişaf mərhələsinə qədəm qoyub. Respublika fəalları, bütün xalq Vətənimizin daha da çiçəklənməsi naminə səfərbər edilib. Az bir vaxt ərzində ölkəmiz sözün həqiqi mənasında əsil quruculuq, yarış meydanına çevrilib. Azərbaycan neftçilərinin, metallurqların, fabrik, zavod fəhlələrinin, kənd təsərrüfat işçilərinin əldə etdikləri yüksək nailiyyətlər xalqın sosial həyat tərzinin, gün-güzəranının daha da yaxşılaşmasına şərait yaradıb. Şəhərlər inkişaf edib, kəndlər, qəsəbələr simasını dəyişib, Bakı görünməz dərəcədə genişlənib. Yeni-yeni yollar çəkilib, körpülər salınıb, su dəryaçaları yaradılıb, əsrlərlə insan ayağı dəyməyən susuz səhralara yeni həyat bəxş edilib.

Millət vəkili bildirib ki, bəlkə də bunlar bu gün adi görünə bilər, ancaq o illərdə bütün bunlar inqilab idi. Heydər Əliyev epoxasının quruculuq inqilabı. Respublikanın xalq artisti, Respublika Dövlət mükafatları laureatı, professor Amaliya Pənahova: - Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlişi ilə xalqımızın mənəvi həyatında mühüm dəyişikliklər yarandı. Elm, mədəniyyət, incəsənət, ədəbiyyat dinamik sürətlə inkişaf etdi. Keçmiş SSRİ-nin bütün respublikalarında nümayəndələr Azərbaycandan mənəviyyat dərsi almaq üçün Respublikamızda keçirilən mənəvi tərbiyənin aktual problemlərinə həsr olunmuş elmi-praktik konfranslara gəldilər. Azərbaycanın neçə-neçə görkəmli sənətkarı məhz Heydər Əliyevin sayəsində o dövrün ən yüksək fəxri adlarına, mükafatlarına layiq görüldü, - deyib.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Heydər Əliyevin 1993-cü ilin noyabrında xalqa müraciətindən sonra onun səsinə ilk səs verdiklərini, iki gün sonra Ulu Öndərlə görüşdüklərini və dahi rəhbərin xeyir-duası ilə cəbhə bölgəsinə yola salındıqlarını xatırlayıb və bu gün də Azərbaycan naminə bütün veteranların Ali Baş Komandan əmrlərinə hazır olduqlarını bəyan edib. Təntənəli mərasim zəfər marşı ilə başa çatıb.

AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi   Heydər-Əliyev  





Xəbər lenti