Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır
  14 İyul 2017    Oxunub:1588
"Ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələrinə tələbələrinin köçürülməsi elektron qaydada aparılacaq"
AzVision.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

"İyulun 17-dən başlayan sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır".

C.Valehov bildirib ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir: "Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır".

Nazirlik rəsmisi qeyd edib ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Tələbə  





Xəbər lenti