Ən çox korrupsiya hansı sahələrdədir? – SİYAHI

  17 İyul 2017    Oxunub : 1667
Ən çox korrupsiya hansı sahələrdədir? – SİYAHI

Azərbaycanda ən çox korrupsiya halları baş verən sahə özəl sektorudur.

AzVision.az-ın məlumatına görə, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

K.Əliyev bildirib ki, hesabat dövründə özəl sektorunda cinayət əməllərinə görə 25 cinayət işi qaldırılıb və 28 nəfər məsuliyyətə cəlb edilib.

O, qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tikinti və digər sektordur. Onun sözlərinə görə, bank sahəsində 19 cinayət işində 32 şəxs məsuliyyətə cəlb olunub: “Rəqəmlər ötən illə müqayisədə stabildir. Çünki son illər bu sahədəki vəziyyət qaydasına düşüb. Mövcud olan göstəricilər də əvvəlki dövrlərin cinayətləridir və icraatda hələ də işlər qalıb”.

K.Əliyev əlavə edib ki, tikinti üzrə 4 cinayət üzrə 4 şəxs, yerli icra hakimiyyəti üzrə 4 cinayət üzrə 4 şəxs, təhsil sahəsi üzrə 10 cinayət üzrə 12 şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3 cinayət üzrə 5 şəxs məsuliyyətə cəlb olunub. O, həmçinin qeyd edib ki, mətbuatda yayımlanan müraciətlərlə bağlı hesabat dövründə bir neçə araşdırma aparılsa da, cinayət işinin başlanması üçün əsas olmayıb.

K.Əliyev deyib ki, təhsil sahəsində korrupsiya halları daha çox xaricdə təhsillə bağlıdır: “Burada vətəndaşlar aldadılır. Onlara saxta diplomlar, sertifikatlar təqdim olunur. Ona görə də vətəndaşlar diqqətli olmalıdır”.

O, deyib ki, həkimlərin rüşvət tələb etməsi faktı üzrə müraciətlər qeydə alınıb: “Həkimlər rüşvətin subyekti deyillər. İlkin mərhələdə cinayətin törədilməsinin qarşısını almağa çalışırıq”.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Baş-prokurorluq   Korrupsiya   Kamran-Əliyev