Əlillərə ortopedik xidmət göstərilib

Əlillərə ortopedik xidmət göstərilib
  18 İyul 2017    Oxunub:1077
Son 6 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə 9,1 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib.
Bu barədə AzVision.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin Bakı şəhərində və respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa-müalicə müəssisələrin də kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, 2017-ci ilin birinci yarımilində nazirliyin bərpa mərkəzlərində 4 311 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Qeyd olunan dövrdə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 4 787 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslər ümumilikdə 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. O cümlədən əlilliyi olan şəxslərə 214 ədəd əlil arabası və 897 ədəd aşağı və yuxarı ətraf ortezi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 581 ədəd aşağı və yuxarı ətraf protezi, müxtəlif növlərdə 4 662 reabilitasiya vasitəsi, 2 283 cüt ortopedik ayaqqabı, 610 cüt dirsəkaltı ağac, 755 ədəd əsa, 259 ədəd dördayaqlı dayaq vasitəsi və s. verilib.

Son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılaraq müvafiq təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Hazırda bu istiqamətdə işlər digər bir sıra reabilitasiya müəssisələrində də davam etdirilir.

Bununla yanaşı, ƏƏSMN tərəfindən aparılan islahatlar çərçivəsində tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış şəraitdə və şəffaf şəkildə yerinə yetirilir.

AzVision.az




Teqlər: ƏƏSMN  





Xəbər lenti