Ağdam: məhv edilmiş şəhərin tarixi yazıldı

Ağdam: məhv edilmiş şəhərin tarixi yazıldı
  20 İyul 2017    Oxunub:3992
23 iyul 2017-ci ildə Ağdam şəhərinin işğal olunmasının 24-cü il anım günüdür.
Ağdamın işğal günü ərəfəsində siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı kitabı işıq üzü görüb.

"Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı kitab siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sayca 13-cü kitabıdır. Kitabda işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib.

Kitab barədə Zaur Əliyev bunları deyib:

"Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Eyni zamanda Ağdam bu gün xarabalıq, viran edilmiş yurddur. Onun 6 mindən çox şəhidinin ruhu narahatdır. Ruhlar şəhəridir. Orada indi yalnız xaraba binaların divarları qalıb. Kitabda viran edilən Ağdam şəhərinin yaranması, qədimdə Azərbayacanda oynadığı rol, “Ağdam” sözünün etimologiyası, toponimləri, oykonimlər ətraflı şəkildə öz əksini tapıb. Kitabda eyni zamanda Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir. Qədimdə Ağdam şəhərində yaşayan tayfalar, Ağdamda baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də kitabda məlumatlar verilir. Ağdamın idman, mədəniyyət, elm, təhsil və digər proseslərdə oynadığı rol da kitabda öz əksini tapıb. Kitabın sonunda Ağdamın işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısı, kəndlərin tam adları və Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı alan şəxslər barədə geniş məlumat verilir".

Qeyd edək ki, kitabın elmi məslətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəyçisi Leila Kiani (İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini) və redaktoru Sultan Merzilidir. (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi).



Teqlər: #Ağdam  





Xəbər lenti