Prezident Pirallahıda açılışlar etdi - Yenilənib (Fotolar)

  21 İyul 2017    Oxunub : 3287
Prezident Pirallahıda açılışlar etdi - Yenilənib (Fotolar)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.

AzVision.az-ın məlumatına görə,rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - balıq bazarı yaradılıb. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıq qurulub. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.



Bildirildi ki, kompleksin ətrafındakı ərazi yaşıllaşdırılıb, sahil zonası abadlaşdırılıb. Burada park salınıb, əhalinin istirahəti üçün yüksək şərait yaradılıb. Parkda oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur. İndi Pirallahı rayonunun simasının mühüm elementinə çevrilən bu parkda yaradılan şərait bir daha təsdiqləyir ki, əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması, onların sosial tələbatının nəzərə alınması hər zaman diqqət mərkəzindədir və bununla bağlı ardıcıl tədbirlər görülür.



Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.



Bildirildi ki, qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi Pirallahı qəsəbəsinin sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradıb. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikilib. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar Zirə-Pirallahı magistral su xəttinin körpü ərazisinə düşən hissəsi yenidən qurulub. Gəmilərin maneəsiz hərəkəti üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi konstruksiyalı keçid quraşdırılıb, yeni su və kanalizasiya xətləri onun üzərindən çəkilib. Layihə çərçivəsində Pirallahı qəsəbəsində 65 kilometr uzunluğunda yeni paylayıcı su şəbəkəsi inşa olunub, eyni zamanda, çoxmənzilli 35 yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub. Zirə-Pirallahı xəttindən Gürgan qəsəbəsinin sakinləri də içməli su ilə təmin ediliblər. Hazırda Pirallahı və Gürgan qəsəbələrinin sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunurlar.



Qeyd edildi ki, Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Bu layihənin icrasına qədər isə Zirə quyu zonasından qəsəbəyə həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilirdi. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin edirdilər. Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi. Sakinlər Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpünün inşasına görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.



Eyni zamanda prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Səməd Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılan sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayonda müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanıb. Artıq Rayon Polis Şöbəsinin müasir binası istifadəyə verilib. Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Məlumat verildi ki, Pirallahı qəsəbəsinin müfəssəl planlaşdırma layihəsinin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, qəsəbədə 35 min sakinin məskunlaşması mümkün olacaq. Burada ümummilli lider Heydər Əliyevin həm “Neft daşları”na, həm də Pirallahıya səfərlərini əks etdirən fotostend də var. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə - 1979-cu ildə Pirallahı qəsəbəsinə də gəlib və buradakı bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub.



Qeyd edildi ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Mərkəzi yol boyunca müxtəlif landşaft kompozisiyaları düzəldilib, torpaq tökülərək yamaclar, təpələr qurulub, hamarlanma işləri aparılıb, qaya daşları, gül və kol bitkiləri ilə bəzədilib. Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubu yaradılması üçün əlverişli şərait var. Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgan və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.



Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulub. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən iki il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Çökə balığından kürünün çıxarılması müddəti isə təxminən üç il təşkil edəcək. Qapalı tipli ferma Avropa ölkələrində istehsal edilən ən son texnologiyalarla təchiz olunacaq. Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır. Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.

AzVision.az

Teqlər: İlham-Əliyev