33 min nəfər işlə təmin edilib

33 min nəfər işlə təmin edilib
  21 İyul 2017    Oxunub:1294
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin şəxslərdən 8 076 nəfərini qadınlar, 10 432 nəfərini gənclər təşkil edib.

Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin edilməklə bərabər, iqtisadi şaxələndirmənin genişləndirilməsi, əmək tutumlu yeni müəssisələrin yaradılması şəraitində yeni iş yerlərinin açılması daimi prosesə çevrilib. Nəticədə əmək bazarında qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginliyin qarşısının alınması, bu sahədə sabitliyin qorunub saxlanması təmin edilib. Bunun əyani göstəricisi kimi, cari ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz, işsiz statusu verilənlərin sayında 30,8 faiz azalma qeydə alınıb.

Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilmiş aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.

Hesabat dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün görülən işlərin davamı olaraq, son 6 ayda 2 286 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub.

Natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən şəxslərin müvafiq işlərlə təminatı da davam etdirilib. Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən əhalinin, eləcə də ayrı-ayrı iş adamlarının sifarişləri əsasında 1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

AzVision.az




Teqlər: ƏƏSMN  





Xəbər lenti