Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
  28 İyul 2017    Oxunub:4105
İyulun 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda dövlətimizin başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.

Tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunmasını vurğulayıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətləri qeyd edib.

Bildirilib ki, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində vətəndaş haqlarının, o cümlədən azadlıq hüququnun qorunması, cəzaların icrası işinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə islahatların yeni mərhələdə aparılmasına əlavə təkan verən dövlət başçısının qeyd olunan proqram xarakterli Sərəncamının icrası üzrə bir çox tədbirlər görülüb

Belə ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının məhdudlaşdırılması və həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub. Probasiya xidmətinin işinin təşkili və elektron nəzarət vasitələrinin istifadəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib, "elektron qolbaq"ın nümunələri pilot qaydada sınaqdan keçirilib və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır.

Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb.

İctimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd olunub ki, Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28 faiz artıb. Bundan başqa, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.

Kollegiya iclasında Sərəncamın icrası üzrə görülmüş işlərə dair geniş təqdimat nümayiş etdirilib, bu mühüm sənəddə nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən olunan müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

İclasda, həmçinin 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

Bildirilib ki, nazirlik tərəfindən əvvəlki dövrlə müqayisədə 22 faiz çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 faiz artaraq 365 minə çatıb.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 26 min 800-ə yaxın vətəndaş müraciətinə baxılıb, 7 mindən artıq vətəndaş nazirlikdə, habelə bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanları tərəfindən 1,89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.

Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də icra sənədlərinin sayı çoxalıb və 2016-cı ilin birinci yarısı ilə müqayisədə xeyli – 43 faiz artaraq 694 mini ötüb. Görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

Bildirilib ki, cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. Qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.

Dövlət gənclər siyasətinə uyğun olaraq, yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Cari ildə 306 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 248 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

Ədliyyə Akademiyasında 2200 ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub. Akademiyanın Hüquq Klinikasında 200-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Yarımildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, İran, Gürcüstan, Ukrayna və İndoneziya ədliyyə nazirləri, eləcə də Belarus və Latviya Ədliyyə nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri ölkəmizə, habelə nümayəndə heyətimiz Əlcəzairə səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub, müvafiq sənədlər imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 7900-dək sorğunun icrası üzrə tədbirlər görülüb.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilərək ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib. Bu zaman 200-dən çox məhkuma hüquqi yardım göstərilib. Vaxtından əvvəl şərti azad edilməsi institutunun təşviqi ilə bağlı nazirlik üzrə Xüsusi Komissiya səmərəli fəaliyyətini davam etdirib və məhkəmələrə təqdim olunmuş mindən artıq məhkumun müraciəti müsbət həllini tapıb.

Kollegiya iclasında, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə toxunulub, ötən ay Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhəri Nərimanov, habelə martda İmişli rayon məhkəmələrinin yeni müasir binalarının istifadəyə verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə tədbirlər qeyd olunub.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud problemlər və çatışmazlıqlar müzakirə olunub, Azərbaycan Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib.

Eyni zamanda, işin səmərəliliyinin artırılması, əmək və icra intizamının gücləndirilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, icra işinin müasirləşdirilməsi və bununla bağlı “Elektron icra”nın tam tətbiqi və digər qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Kollegiya iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının Sərəncamının icrası üzrə tədbirlər müzakirə olunub. Bu tarixi hadisənin və həmin ərəfədə qeyd olunacaq Azərbaycan ədliyyəsinin bir əsrlik yubileyi ilə əlaqədar konkret tapşırıqlar verilib, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Kollegiya   İclas  





Xəbər lenti