“Tufan”ın seriyalı istehsalı üçün hazırlıq işləri aparılır

“Tufan”ın seriyalı istehsalı üçün hazırlıq işləri aparılır
  31 İyul 2017    Oxunub:2794
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair səyyar kollegiya iclası keçirilib.
MSN-in Mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Nazir qeyd edib ki, hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. Birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılmış, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda, zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -”Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub. Bunlarla yanaşı, cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyyə edilməsi nəzərdə tutulur.

Birinci yarımildə istehsal olunan ümumi məhsulun 92 faizini müdafiə və xüsusi təyinatlı, 8 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir.

AzVision.az


Teqlər: “Tufan”  





Xəbər lenti